Xəbərlər

  • 2 874

Uşaqlar bizim gələcəyimizdir

image

Bildiyimiz kimi ilk dəfə olaraq 1924-cü ildə Böyük Britaniyada uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyənnamənin qəbul edilməsində Eqlantine Gebb mühüm rol oynamışdır.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan Eqlantine Gebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anlamışdı. O, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım və kömək göstərmişdir. Eqlantine Gebb uşaqların müdafiəsini təmin etmək üçün Londonda “uşaqlara yardım fondu”nun əsasını qoydu.

1 iyun 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşdü. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində “Ümumdünya Uşaqlar Günü”də qeyd olunur. Qeyd edək ki, “Ümumdünya Uşaqlar Günü”1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində öz əksini tapmış və 1956-cı ildən isə bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunmuşdur. Həmçinin Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi”ni və 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası”nı qəbul etmişdir.

Qeyd edək ki, ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin memarı əbədiyaşar Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərmiş, onların ən böyük himayədarı olmuşdur. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülmüş, müvafiq qanunvericilik aktları qəbul edilmişdir. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ulu öndərin daim diqqətində olmuşdur. Ümummilli lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

1994-cü ildə ölkəmiz BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaya qoşulan ölkəmiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımlar atdığını bir daha təsdiqləmişdir.

Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdi. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. O, tez-tez uşaqlar üçün təşkil edilən tədbirlərdə, bayram şənliklərində iştirak edir, onlarla ünsiyyətdə olurdu. Uşaqlar da ulu öndərlə hər bir görüşdən sevinc və ilham alırdılar.

Ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunuan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələ başladıb. Artıq uşaqlarımız məcburi köçkün deyil və ailələrilə birgə öz doğma ata-baba yurdlarına qayıdışa hazırlaşırlar. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə tezliklə xoşbəxt uşaq gülüşlərinin eşidiləcəyinə əsas yaradır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb.
Qeyd edək ki, birinci mərhələdə 28 may 2023- cü il tarixində şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bütün məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə öz yurdlarına qayıdışı bölgənin inkişafına müsbət təsir edəcək. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və onların övladlarına göstərdikləri diqqət və qayğı isə hər kəs üçün örnək və nümunədir".

Ayaz Əlifov

“SHAN Company MMC”-nin icraçı direktoru, YAP Nərimanov rayonu üzrə ƏPT-nın sədr müavini

Digər xəbərlər