PDF Oxu

Xəbərlər

  • 2 204

Tropik meşələr və iqlim təhlükədir

Tropik meşələr və iqlim təhlükədir

Borneo adasında baş verən meşə yanğınları Cənub-Şərqi Asiyanın ekoloji problemləri arasında xüsusi yer tutur. Dünyanın ən zəngin biomüxtəliflik ərazilərindən biri olan bu ada İndoneziya, Malayziya və Bruney ərazilərini əhatə edir. Yanğınlar meşələrin məhvinə, havanın çirklənməsinə, vəhşi heyvanların yaşayış mühitinin daralmasına və atmosferə əlavə karbon qazının buraxılmasına səbəb ola bilər.

Borneoda meşə yanğınları tüstü böhranını dərinləşdirir

İndoneziyanın Borneo adasındakı meşə və torpaq yanğınları havanın keyfiyyətini pisləşdirir. Quraqlıq, torpaqların quruması və ərazilərin kənd təsərrüfatı məqsədilə yandırılması yanğınların yayılmasını çətin idarə olunan problemə çevirib.

2026-cı ilin sentyabrında İndoneziyanın Borneo adasındakı Kalimantan bölgəsində davam edən yanğınlar nəticəsində geniş əraziləri tüstü bürüyüb. Xüsusilə Qərbi Kalimantan əyalətinin Pontianak şəhərində havanın çirklənməsi gündəlik həyata, nəqliyyata və insanların sağlamlığına təsir göstərir. Reuters-in məlumatına görə, tüstünün sıxlaşması şəhər sakinlərinin hərəkətini çətinləşdirib.

Yanğınların əsas səbəbləri

İndoneziya mətbuatı yazır ki, mütəxəssislər yanğınların yaranmasında insan fəaliyyətinin mühüm rol oynadığını bildirirlər. Meşə və torpaqların kənd təsərrüfatı, xüsusilə palma yağı plantasiyaları üçün təmizlənməsi zamanı istifadə edilən nəzarətsiz yandırma üsulları alovun geniş ərazilərə yayılmasına səbəb ola bilər.

Bu il vəziyyəti güclü El-Ninyo hava hadisəsi və uzunmüddətli quraqlıq daha da ağırlaşdırır. Qurumuş torf əraziləri asanlıqla alışır və yanğın yerin altında həftələrlə davam edə bilər. Bu isə alovun söndürüldüyü düşünüldükdən sonra yenidən meydana çıxmasına şərait yaradır.

Tüstü qonşu ölkələrə də yayılır

Reuters-in məlumatına görə Borneo və İndoneziyanın digər ərazilərindəki yanğınlardan yaranan tüstü təkcə yerli əhali üçün problem yaratmır. Hava axınları tüstünü Malayziya, Sinqapur və Bruney istiqamətində daşıya bilər. Bu hadisə Cənub-Şərqi Asiyada uzun illərdir müşahidə olunan transsərhəd tüstü böhranını yenidən gündəmə gətirib.

Sentyabrın ortalarında Qərbi Kalimantanda tüstünün görmə məsafəsini bir kilometrdən də aşağı saldığı və hava nəqliyyatına mane olduğu bildirilib.

Sağlamlıq üçün təhlükə

Yanğınların yaratdığı tüstünün tərkibində ağciyərlərə nüfuz edə bilən xırda PM2.5 hissəcikləri də var. Bu çirkləndiricilər tənəffüs yollarında problemlərə, öskürəyə və digər sağlamlıq fəsadlarına səbəb ola bilər.

İndoneziya Səhiyyə Nazirliyinin məlumatına əsasən, avqustun əvvəlindən sentyabrın 21-dək yanğınlardan təsirlənən ərazilərdə 174 694 kəskin respirator infeksiya halı qeydə alınıb. Bu halların 40 mindən çoxu kiçik yaşlı uşaqların payına düşüb.

Ekoloji nəticələr yaxşı olmayacaq

Borneo tropik meşələri oranqutanlar və digər nadir canlılar üçün mühüm yaşayış məkanıdır. Yanğınlar meşə örtüyünü məhv etməklə yanaşı, heyvanların qida və sığınacaq mənbələrini də azaldır. Torf ərazilərinin yanması atmosferə böyük həcmdə karbon qazının buraxılmasına, bununla da iqlim dəyişmələrinin güclənməsinə səbəb olur.

İndoneziya hökuməti yanğınlarla mübarizə üçün texnika və şəxsi heyət cəlb edib. Malayziya da yanğınların söndürülməsi istiqamətində İndoneziyaya yardım göstərmək qərarına gəlib. Bununla belə, quraqlıq davam etdiyi müddətdə torf ərazilərindəki yanğınların tam nəzarətə götürülməsi çətin olaraq qalır.

Borneodakı yanğınlar göstərir ki, meşələrin qorunması yalnız milli məsələ deyil. Torpaqların davamlı idarə olunması, qanunsuz yandırmanın qarşısının alınması və region ölkələri arasında əməkdaşlıq həm insanların sağlamlığının, həm də tropik ekosistemlərin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Lalə Mehralı

Digər xəbərlər