Bloggerlərin həbsi ilə ciddi məşğul olan demokratik ölkələr
İnternet texnologiyalarının inkişafı və media azadlığının artması Azərbaycanda cinayət və ya xuliqanlıq üstündə həbs olunan şəxslərin müdafiəsi üçün yeni imkanlar açıb. Belə ki, hazırda internetdə sayt və blog açmaq o qədər asanlaşıb ki, ölkədə yüz minlərlə şəxsin internet ünvanı var. Belə sayt və ya blog sahiblərindən hər hansı biri xuliqanlıq və ya cinayət üstündə həbs olunarkən, dünyaya car çəkilir ki, bəs qoymayın söz azadlığı pozuldu.
Məlumunuz olduğu kimi, cari ilin iyul ayında ölkəmizdə olan saysız-hesabsız blog yiyələrindən ikisi- Emin Milli və Adnan Hacızadə Bakıdakı "Lebanese" restoranında baş verən insidentdən sonra saxlanıb. Noyabrın 11-də Səbail rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə ittiham olunub.
Bu qanuni prosedurdan sonra bəzi beynəlxalq təşkilatlar və yerli müxalifət partiyaları tərəfindən məhkəməyə iradlar tutulur. Bunların dediyindən belə çıxır ki, kimin ki saytı və blogu var, ona hətta qanunları pozsa belə toxunmaq olmaz. Belə bir təcrübənin dünyanın heç bir ölkəsində olmadığını yaxşı bilsələr də, bu, bəzilərinə olayı söz azadlığının pozulması kimi qələmə verməyə mane olmur.
Maraqlıdır ki, Azərbaycana irad tutan ölkələr, həmçinin, müxtəlif təşkilatlara daxil olan dövlətlərin özündə də bloggerlərin həbsi heç də sıradan hadisə deyil. Bu dövlətlərin çoxunda da bu kimi hallara rast gəlinir. Faktlar göstərir ki, hətta inkişaf etmiş və özlərini söz azadlığı nümunəsi hesab edən ölkələrdə belə, bloggerlərin həbsi halları geniş yayılmış praktikadır.
Məsələn, ABŞ-da da Hel Terner adlı blogger və radioaparıcının məhkum edilməsi təhlükəsi var. Blogger bu ilin iyununda apellyasiya məhkəməsi kollegiyasının 3 hakimini Çikaqo və onun Ouk-Park adlanan şəhərətrafı məhəlləsində odlu silah gəzdirilməsinə tətbiq olunan bəzi qadağaları aradan qaldırmadıqlarına görə, hədələmiş və öz bloqunda yazmışdı: "Mən birbaşa və sərt deyəcəm: bu hakimlər ölümə layiqdir. Bu, milyonların öz azadlığını realizə etməsi üçün kiçik qiymətdir".
Bunun ardınca həmin hakimlərin şəkillərini və yaşayış ünvanlarını bloqunda yerləşdirən Terner qısa zamanda həbs edilir. Bloggerə qarşı Federal Apellyasiya Məhkəməsinin hakimlərini hədələmək maddəsilə iş qaldırılır.
Məsələnin maraqlı bir tərəfi də var- araşdırmalar göstərir ki, vaxtilə Federal Təhqiqat Bürosu Ternerin xidmətlərindən gen-bol istifadə edib. Belə ki, o, ultrasağçı təşkilatlar haqqında informasiyaya görə FTB-dən 1000 dollar vəsait alıb və Braziliyaya ezamiyyətə göndərilib.
Qeyd edək ki, bu ilin yayında həbs edilən Ternerin pul müqabilində azadlığa buraxılmasından imtina edilib. Bu ABŞ-da yeganə belə fakt deyil. 2006-cı ildə Buş ailəsini tənqid etdiyinə görə Vikram Buddhi adlı blogger həbs və məhkum edilib.
Özünü anarxist kimi təsvir edən 41 yaşlı sosial işçi Eliot Medison sentyabrın 24-də Pitsburq şəhərində həbs edilib, ona qarşı tutulma və ya cinayət təqibinin həyata keçirilməsinə mane olma, rabitə vasitələrindən qanunsuz istifadə etmə və cinayət alətini özündə saxlanması ittihamları irəli sürülüb.
Pensilvaniya ştatının polisi bildirib ki, Eliot Medison yanında kompüterlər və polis skanerləri olduğu zaman mehmanxana otağında tutulub. O, həmin avadanlıqdan polis əməkdaşlarının hərəkəti barədə məlumatların yayılması üçün istifadə edib.
34 yaşlı qadın, 12 yaşlı qızın anası Elişa Storm bloqunda Virciniya ştatında yerli gizli polis əməkdaşları barədə məlumatların yayılmasında ittiham edilib. Sentyabrın 2-də, o, ədalət mühakiməsinin həyata keçirilməsində təqsirli bilinib.
Böyük Britaniya kimi ölkədə də belə hallara tez-tez rast gəlinir. Birləşmiş Krallıqda Simon Şepardla adlı blogger Hall şəhərindən yaşayan siyasi fəaldır və ifrat sağların siyasi baxışlarını təşviq edən bir neçə internet saytı açıb. O, 2008-ci ildə həbs edilib, internet saytlarından "irqi nifrət sala bilən məlumatlar"ın yayılması üçün istifadə edilməsində ittiham olunub və buna görə məhkum edilib.
Simon Şepard və həmin iş üzrə digər təqsirləndirilən şəxs girov əsasında həbsdən azad edildikdən sonra ABŞ-a qaçaraq siyasi sığınacaq istəyib. Həmin şəxslərə sığınacaq verilməsindən imtina edilib və onlar həbs edilərək, 2009-cu ilin iyunun 17-də Birləşmiş Krallığa təhvil veriliblər. 2009-cu il iyulun 10-da Simon Şepard 4 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
41 yaşlı Stiven Uitl adlı başqa bir blogger isə irqlə bağlı bir neçə cinayətin törədilməsində təqsirli bilinib. Stiven Uitl beş cinayətin törədilməsinə görə 2 il 4 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Almaniyada isə blogger Yorq Raynholts təhqir və böhtanda dəfələrlə təqsirli bilinməsindən sonra məhkəmə tərəfindən təyin edilmiş cərimələri ödəməkdən imtina etdiyinə görə həbs edilib. Finlandiyada blogger Seppo Lehto 2008-ci il mayın 30-da Tampere rayon Məhkəməsi tərəfindən 2 il 4 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, doqquz epizod üzrə ciddi diffamasiya, etnik nifrətin salınması və islam dininə qarşı təhqirdə ittiham edilib. Qeyd edək ki, o, əvvəllər diffamasiyaya görə məhkum olunaraq, şərti cəzasını çəkirdi.
Monakolu blogger Mark Ciakone, ehtimal olunduğuna görə, Şahzadə II Albert və digər yerli siyasətçiləri ləkələyən və ələ salan satirik internet saytının sahibi idi. O, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1500 avro məbləğində cəriməyə məhkum edilə bilər. Onun internet saytı bağlanıb.
Rusiyada isə Moskva Daxili İşlər Baş İdarəsinin ekstremizmlə mübarizə mərkəzinin əməkdaşları 22 yaşlı Moskva sakini Yelena Drujininanı 1 il axtarışdan sonra həbs edib. Qadın 12 fevral 2008-ci ildə öz bloqunda sosial ədavət və düşmənçilik ideyalarını təbliğ etməkdə ittiham olunur. Y.Drujininanı Rusiya Cinayət Məcəlləsinin 2828-ci maddəsinə əsasən, 2 il müddətinədək həbs gözləyir.
Ümumiyyətlə, dünyada həbs edilmiş bloggerlərin siyahısı "Threatened voices"- bloggerlərin hüquq müdafiə təşkilatlarının hesabatı əsasında belədir.
Çin -34,
Tunis- 19,
Mərakeş- 3,
Malayziya- 3,
BƏƏ- 2,
Rusiya- 2,
Böyük Britaniya- 2,
ABŞ- 4,
Avstraliya- 1,
Kanada- 1,
Almaniya- 1,
Finlandiya- 1,
Xorvatiya- 1,
Cənubi Koreya- 1,
Cənubi Afrika-
1 və s.
Deyəsən, demokratiyadan, söz azadlığından ağızdolusu bəhs edən, Azərbaycan haqqında bəyanatlarla çıxış edən xarici dairələr öz ölkələrində baş verən bu faktlardan məlumatlı deyillər. Biz bunu onların nəzərinə çatdırırıq ki, başqasının gözündə tük axtarmazdan öncə, öz gözlərində tiri görsünlər. Bunun üçün uzağa getmək lazım deyil, güzgüyə baxmaq kifayətdir.