Əli Əhmədov: “2009-cu il bütövlükdə Azərbaycan üçün uğurlu olub”
"2009-cu il dünya dövlətləri üçün ağır maliyyə-iqtisadi böhranı kimi yadda qalır. Amma Azərbaycana bu böhranın ciddi təsiri olmayıb. Bu fakt Azərbaycanın inkişaf etdiyini göstərən gerçəklikdir". Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov 2009-cu ilin sosial-iqtisadi nəticələrini şərh edərkən deyib.
Əli Əhmədovun sözlərinə görə, bu vaxta qədər ölkə daxilində bəzi dairələr tərəfindən inkişafın yalnız neft amilindən asılı olması ilə bağlı rəy formalaşdırmağa çoxlu cəhdlər göstərilirdi: "Biz isə hər dəfə iqtisadi inkişafın kökündə neft amilinin yox, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətin düzgünlüyünün dayandığını iddia edirdik. 2009-cu ilin çox sərt maliyyə böhranı bizim iddiaları təsdiq etdi". 2008-ci ilin sonu və 2009-cu ilin əvvəllərində neftin qiymətinin 3-4 dəfə aşağı endiyini xatırladan YAP Sədrinin müavini qeyd edib ki, bununla da, dövlət büdcəsində neftdən gələn gəlirlər xeyli azaldı. Amma nə sosial sferada, nə də infrastruktur layihələrinin həyata keçirilməsində böhranlı vəziyyət yaranmadı. Eləcə də, işsizlik baş vermədi, manatın məzənnəsinin aşağı düşməsinə imkan verilmədi. Beləliklə, Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi halı müşahidə olunmadı. Bütün bunlar iqtisadi inkişafda neft amilinin rolunu dərk etməklə yanaşı, iqtisadiyyatın yalnız bu amil üzərində dayanmadığını təsdiqlədi. Yəni dünya böhranı şəraitində Azərbaycan iqtisadiyyatı dayanıqlığını sübut etdi. Bu, 2009-cu maliyyə-iqtisadi ilinin ən başlıca uğurudur.
"Prezident İlham Əliyevin dediyi kimi həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda keçid dövrü başa çatıb. Keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir. İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşını da özündə ehtiva edir. Deməli, Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir" deyə Əli Əhmədov vurğulayıb.
Bütün bunların 2009-cu ilin niliyyətləri olduğunu deyən YAP Sədrinin müavini bu ilin mart ayında Azərbaycan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini əhəmiyyətli hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, prezident seçkilərindən bir neçə ay sonra reallaşan referendumun nəticələri Azərbaycan Prezidentinə və Onun həyata keçirdiyi siyasətə insanların növbəti dəfə inamını sübut etdi. İnsanlar təklif olunan dəyişiklikləri dəstəkləməklə ölkədə həyata keçirilən siyasəti bir daha dəstəkləmiş oldular, bu siyasəti həyata keçirən Azərbaycan Prezidentinə özlərinin dəstəyini bir daha ifadə etmiş oldular.
"Bütövlükdə, bu il Azərbaycanın qarşıda duran vəzifələrinin həlli istiqamətində addımlar atılması ilə də yadda qalacaq. Dağlıq Qarabağ probleminin acı nəticələrinin aradan qaldırılması istiqamətində səylərin artırılması və bu səylərin nəticəsində beynəlxalq güclərin, təşkilatların münaqişənin nizama salınmasında diqqətinin artması, intensivliyin yüksəlməsi, bir sözlə, bütün bunların hamısı 2009-cu ilin gerçəklikləridir. Hesab edirəm ki, 2009-cu il, bütövlükdə, Azərbaycan üçün uğurlu olub. Azərbaycan bir il də irəliyə gedə bilib, bir il də iqtiadiyyat yüksələ bilib, bir il də Azərbaycan dünya birliyində öz mövqelərinin yüksək olduğunu sübuta yetirə bilib. Bütün bunların hamısı 2009-cu ilin uğurlarıdır. Biz Azərbaycanın uğurlar aktivinə 2009-cu ili tam əminliklə daxil edə bilərik" deyə YAP Sədrinin müavini qeyd edib.