PDF Oxu

Xəbərlər

  • 36

İsveçdəki Azərbaycan diaspor təşkilatları Barak Obamaya müraciət ünvanlayıb

İsveçdəki Azərbaycan diaspor təşkilatları Barak Obamaya müraciət ünvanlayıb
İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ABŞ prezidenti Barak Obamaya müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, müraciətdə İsveç Krallığında fəaliyyət göstərən "Azərbaycan Naminə", "Vətən" və "Odlar Yurdu" cəmiyyətləri tərəfindən ABŞ Konqresinin işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağa 2010-cu il üçün maliyyə yardımının ayırmasına etiraz bildirilib.
"Biz və Skandinaviya ölkələrində yaşayan bütün azərbaycanlılar ABŞ Konqresinin qəbul etdiyi qərar ilə bağlı öz narazılığımızı bildirmək istərdik. Hamıya məlumdur ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş torpaqdır və maliyyə dəstəyinin göstərilməsi ABŞ-ın beynəlxalq nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil" - deyə müraciətdə vurğulanır.
Daha sonra müraciətdə bildirilir: "Biz ümid edirik ki, Siz dünyada sülhün və demokratiyanın tərəfdarı kimi, Konqresin bu qərarı ilə bizim narazılığımızı başa düşüb, Vətənimizin işğalçılarını dəstəkləyən qərarın ABŞ hökuməti tərəfindən qəbul edilməsinə imkan verməyəcəksiniz. Dağlıq Qarabağ Azərbaycanın ürəyidir və biz ümid edirik ki, BMT tərəfindən qəbul edilən 4 qətnaməyə uyğun bizim torpaqlarımız işğalçılardan azad olunacaq".
Komitənin yaydığı digər məlumatda isə, qeyd olunur ki, İsveç Azərbaycan Federasiyası da separatçı rejimə yardım ayrılmasından narahatdır. Belə ki, həmin təşkilatın verdiyi bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mövqeyi ilə Dağlıq Qarabağ separatçılarına müxtəlif yardımlar göstərməsi tamamilə bir-birinə zidd olan mövqedir.Sənəddə qeyd olunur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
"Biz ürəkdən inanırıq və ümid edirik ki, Siz cənab prezident, Nobel Mükafatı Laureatı olaraq, öz veto hüququnuzdan istifadə edib, Konqresin bu son qərarın qəbul olunmasına imkan verməyəcəksiniz" - deyə müraciətdə bildirilir.

Digər xəbərlər