PDF Oxu

Xəbərlər

  • 42

“Xalqa xidmət naminə”

“Xalqa xidmət naminə”
Dünən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirdi.
Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirdi ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi mühüm əhəmiyyətə malikdirlər. N.Ağayevin fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə qeyd olunan hədəflərə nail olmasına imkan verəcək. O, həmçinin, Xaçmaz rayonunun sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçirilən seçkilərdə də fəal olacağına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi: "Seçkiyə ciddi hazırlıq, onu deməyə əsas verir ki, Xaçmaz seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar".
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçkilər dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur: "İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bələdiyyə seçkilərində şəffaflığının təmin edilməsinə imkan yaradacaq və YAP-ın namizədləri düzgün təşviqat aparıb, qələbə qazanacaqlar".
Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən Ş.Hacıyev bu qurumda gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan, mühüm əhəmiyyət daşıyır.
YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Əhəd Abıyev diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının "Xalqa xidmət naminə" devizi ilə seçkilərə qatılması ictimaiyyətin fəallığını artırır, xalqla Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqəni və etimadı daha da sıxlaşdırır".
Millət vəkili Yeni Azərbaycan Partiyasının, hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. O, qeyd etdi ki, keçirilən görüşlərdə bunu şahidi olmuşuq: "Bu görüşlər, onu deməyə əsas verir ki, partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürülməsi və irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyə üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər. Mən inanıram ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində siz xaçmazlılar Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Əli Hüseynov da ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən son illərdə əldə etdiyi uğurlardan bəhs etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm daxili, həm də xarici siyasət sferasında əldə olunan nailiyyətlərin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini önə çəkən millət vəkili qəbul olunan Dövlət Proqramlarının insanların həyatında müsbətə doğru böyük irəliləyişə səbəb olduğunu dedi: "İnanıram ki, dekabrın 23-də Boyat kəndinin sakinləri hər zaman ölkəmizin inkişafında cənab Prezidentimizin siyasətini dəstəkləyən, nəinki Azərbaycanın, o cümlədən, Qafqaz regionunun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. Çünki Yeni Azərbaycan Partiyası hər zaman xalqın dəstəyini qazanıb, dövlətimizin inkişafında əsaslı rol oynayıb. Bu işlərin davam etdirilməsi, bələdiyyə sisteminin daha da təkmilləşdirilməsi və xalqına xidmət etməsi üçün Xaçmaz seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, onları dəstəkləyəcəklər".
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam etdi.

Digər xəbərlər