Xaricdəki soydaşlarımız fəaliyyətlərini genişləndirir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ənənəvi keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2009-cu ilin yekunları ilə bağlı geniş məlumat verdi. N.İbrahimov qeyd etdi ki, 2009-cu ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilibdir: "2009-cu il ərzində 20 Yanvar faciəsinin 19-cu ildönümü, Xocalı soyqırımının 17-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belorus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və digər ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilibdir".
M.İbrahimov onu da bildirdi ki, ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edilib. Fondun məqsədi Almaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə Xocalı soyqırımının növbəti ildönümünün yüksək səviyyədə qeyd olunmasına və faciənin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaqdır.
N.İbrahimov 2009-cu il aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransının keçirildiyini söylədi. Onun sözlərinə görə, konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə, Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etdi. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq, qəbul edildi və rəhbər orqanlara seçkilər keçirildi: "Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva yekdilliklə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçildi".
2009-cu ildə Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin II qurultayının keçirildiyini deyən N.İbrahimov qurultayda BAK-ın ötən dövr ərzində gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənildi, qarşıda duran vəzifələr müzakirə edildi. Qurultayda səsvermə yolu ilə 12 nəfərdən ibarət BAK idarə heyətinin üzvləri seçildi. 2009-cu ildə Latın Amerikası Azərbaycanlıları Assosiasiyası təsis edildi. Assosiasiya həmvətənlərimizin yaşadıqları Latın Amerikası ölkələri ilə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafına və möhkəmlənməsinə xidmət etmək məqsədilə yaradıldı. Assosiasiya bu ölkələrdə yaşayan soydaşlanmızı vahid məqsəd ətrafında birləşdirməklə yanaşı, ölkəmizin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin bu ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində də iş aparır. 2009-cu ilin aprel ayında Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirildi. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar iştirak etdi.
Komitə sədri 2009-cu ildə Danimarkanın Kuge şəhərində Azərbaycan və Türk Qadınlar Birliyinin təsis konfransının keçirildiyini bildirdi. Təşkilatın yaranmasının əsas məqsədi Azərbaycan və türk diasporu arasında əməkdaşlığın inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünyaya yaymaq, Danimarkada yaşayan Azərbaycan qadınlarının təşkilatlanmasına nail olmaqdır. 2009-cu il may ayının 30-da Toronto şəhərində Kanada Azərbaycan Təşkilatlar Assambleyasının I qurultayı keçirildi. Qurultayda Assambleyanın növbəti müddət üçün iş planı təsdiq olundu, toplantının qətnaməsi qəbul edildi. Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.
Komitə sədri 2009-cu ilin noyabr ayında Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupunun yaradıldığını vurğuladı. Onun sözlərinə görə, qurumun yaradılması ideyası Avropada yaşayan azərbaycanlı xanımları daha da fəallaşdırmaq məqsədi ilə irəli sürülübdür: "Yeni yaradılan birlik azərbaycanlı qadınların, eləcə də, qadın təşkilatlarının arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək, onlar bir-biri ilə daha sıx ünsiyyətdə və əlaqədə olacaqlar. Təşəbbüs qrupuna Niderland, Almaniya, Danimarka və İsveçdən olan Azərbaycan diasporunun qadın fəalları daxildir. Təşəbbüs qrupu digər ölkələrdəki qadın təşkilatlarını da bu quruma cəlb edəcək, birliyin konsepsiyasını hazırlayacaq və 2010-cu ilin birinci yarısında təsis konfransı keçirəcəkdir".
N.İbrahimov xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqi sahədə qarşılaşdıqları problemin həlli, onların hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi fəallığının artırılması işinə yardım göstərilməsi məsələrinin Dövlət Komitəsinin əsas fəaliyyət sahələrindən biri olduğunu vurğuladı. Bildirdi ki, xaricdəki soydaşlarımızın insan hüququ və azadlıqlarının qorunmasının əmin edilməsi məqsədilə komitə dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılmasını davam etdirir: "Dövlət Komitəsi soydaşlırımızın daha çox yaşadığı ölkələrin miqrasiya məsələləri və əcnəbilərlə bağlı, habelə, vətəndaşların statusu haqqında qanunvericilik aktları barədə soydaşlarımızın məlumatlandırılması istiqamətində də müvafiq iş aparır. Hazırda komitə "Xarici ölkələrdə yaşayan azərbaycanlılar nələri bilməlidir?" hüquqi-normativ aktlar toplusunun nəşri istiqamətində iş aparır. Bundan başqa, 2009-cu ildə Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində bu ölkəyə mühacir kimi gəlmiş əcnəbilərin alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirildi. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu problemin tarixi, sosial aspektlərinə nəzər salınıb, Almaniyaya köçmüş azərbaycanlı mühacirlərin cəmiyyətə inteqrasiyasındakı nailiyyət və problemlərindən danışılıb".
N.İbrahimov Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlərin aradan qaldırılması məsələsinin komitənin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu da qeyd etdi: "Məlum olduğu kimi, 2008-ci ildə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-sində "Gürcü dili" kursları, 2009-cu ildə əlavə olaraq, 34 Azərbaycan məktəbində də "Gürcü dili" kursu açıldı. Kursların fəaliyyəti Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən əlaqələndirilir. Hazırda həmin kurslar fəaliyyətini davam etdirir. Gürcüstanda məktəbəqədər təhsil müəssisələrinin sayı məhdud olduğundan, gələcəkdə "Gürcü dili" kurslarının sayını artırmaqla, ibtidai sinif şagirdlərinin də kurslara cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, təşəbbüs Gürcüstan hökuməti tərəfindən də dəstəklənir. Belə ki, 2009-cu ilin mart ayında azərbaycanlıların təhsil aldığı məktəblərdəki gürcü dili kurslarına Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən 4000 ədəd dərslik hədiyyə edilibdir. Gürcüstanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi və azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində də müəyyən tədbirlər görülübdür. Belə ki, Marneuli Azərbaycanlıların Mədəniyyət Mərkəzində hüquq şöbəsi yaradılıb və peşəkar hüquqşünaslar bu işə cəlb olunubdur. Şöbə tərəfindən əhaliyə müvafiq hüquqi yardımlar göstərilir. Qeyd edək ki, bu yaxınlarda fəaliyyətə başlamış Gürcüstan ombudsmanının Marneuli nümayəndəliyi də soydaşlarımızın hüquq və azadlıqlarının qorunması məqsədilə yaradılıbdır. Gələcəkdə azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi, Qardabani, Qaraçöp və digər bölgələrdə də hüquq-müdafiə mərkəzlərinin yaradılması nəzərdə tutulubdur. Həmçinin, Gürcüstanda Azərbaycan dilində bir sıra mətbu orqanlar da nəşr edilir: "Gürcüstan", "Region Press", "Ziya", "Ozan", "Maarif", "Qarapapaqlar". 2009-cu ildən etibarən Dövlət Komitəsinin dəstəyi ilə "Meydan" jurnalı, "Gürcüstan azərbaycanlıları" və "Qeyrət" qəzetləri nəşrə başlamışdır. Bundan başqa, 2009-cu ildə Gürcüstanda yaşayan soydaşlarımızın problemləri və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyəti əks etdirən sənədli film hazırlanıbdır".
Azərbaycan diasporunun milli və dövlətçilik maraqlarının müdafiəsi işində də fəal iştirak etdiyini deyən N.İbrahimov Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları hər an kəskin etirazlarını bildirdiklərini vurğuladı: "Belə ki, 2009-cu il ərzində regionda baş vermiş bir sıra mühüm hadisələr, xüsusilə də, Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin qurulmasına" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" protokolların imzalanması Azərbaycan və türk diaspor təşkilatları tərəfindən ciddi narahatlıq və etirazla qarşılandı. Bununla əlaqədar, diaspor təşkilatlarından Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil oldu. Diaspor təşkilatları, birmənalı şəkildə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycan Respublikasının mövqeyini dəstəklədiklərini bildirdilər. Dövlət Komitəsi Azərbaycan və türk diaspor təşkilatlarının müraciətlərini nəzərə alaraq, 2009-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının keçirilməsi təşəbbüsünü dəstəklədi. ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırması da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olub. Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən, ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər. Bütün bunlar, bir daha onu göstərir ki, Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə daim ciddi, operativ reaksiya verir. Xaricdə yaşayan azərbaycanlılar doğma vətəninin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar".