PDF Oxu

Xəbərlər

  • 41

Xalqın inam yeri

Xalqın inam yeri
Dünən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mingəçevir şəhər təşkilatının seçicilərlə növbəti görüş keçirildi.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini bildirdi: "Rayon sakinləri ilə keçirilən görüşlər seçkilərin yüksək seçici fəallığı şəraitində keçəcəyini deməyə əsas verir. Builki bələdiyyə seçkilərində daha bir mühüm amil namizədlərin arasında qadınların və gənclərin sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. Çünki cəmiyyətin aparıcı qüvvəsi, yeniliklərin müəllifi olan gənclərin yerli özünüidarəetmə strukturlarına cəlb edilməsi yalnız uğurlarımıza hesablanmış bir addımdır. Qadınların da ictimaiyyətin problemlərinin həlli məsələlərində aktivləşməsi sevindiricidir".
C.Yusibov bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirərək, vurğuladı ki, bütün seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP monolit qüvvə kimi iştirak edir. Şəhər təşkilatının sədri bildirdi ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: "Ötən 10 il ərzində, bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə, regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir. İnanıram ki, mingəçevirlilər, həmişə olduğu kimi, bu seçkidə də daha aktiv olacaq, xalqın inam yeri olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklər".
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Musa Quliyev, öncə, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində xüsusi yerə və rola malik olduğunu bildirib. "Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevdir" - deyən millət vəkilinin sözlərinə görə, ölkəmiz, məhz Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası isə siyasi proseslərin önündə gedir.
"Ulu Öndər müstəqil ölkəmizin bütün strukturlarının formalaşmasında birbaşa iştirak edib, o cümlədən, bələdiyyələrin formalaşdırılması, qanunvericiliyin hazırlanması prosesi də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında aparılıb", - fikrini söyləyən M.Quliyev hazırda bələdiyyələr ölkənin sosial həyatında vacib rol oynadığını bildirib. Zaman keçdikcə isə, bu təsisatın cəmiyyətdəki rolu artır: "Artıq bələdiyyələrə üçüncü seçkilər keçiriləcək. Ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Onların fəaliyyəti təkmilləşməyə doğru gedir. Bu prosesdə YAP-ın rolu xüsusi qeyd edilməlidir. YAP, xalqa xidmət edən partiya kimi, bütün proseslərin önündə gedir. Əminəm ki, ölkənin hər yerində olduğu kimi, Mingəçevir seçiciləri də dekabrın 23-də məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
M.Quliyev yeni seçiləcək bələdiyyə üzvlərinə tövsiyələrini də çatdırdı: "Bilirsiniz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edir. Bütün bölgələrdə, hətta ən ucqar kəndlərdə belə abadlıq və quruculuq işləri aparılır. Təbii ki, bu prosesdə bələdiyyələr də fəal iştirak etməlidir. Əminəm ki, bələdiyyələrə seçiləcək yeni üzvlər öz fəaliyyətlərini məhz bu istiqamətdə quracaqlar"
Millət vəkili, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Jalə Əliyeva çıxış edərək yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələr qoyduğunu diqqətə çatdırdı. Millət vəkili J.Əliyeva onu da vurğuladı ki, yeni seçilən namizədlər seçildikləri ərazinin problemlərinə yaxından bələd olmalıdırlar: "Nəzərə almaq lazımdır ki, onun özü elə həmin ərazidə yaşayır, hər gün həmin problemləri öz həyatında hiss edir. Bələdiyyələr öz üzərilərində cavabdehlik və məsuliyyət daşımalıdırlar. Yerli özünüidarəetmə orqanına seçilən şəxslər həmin ərazidə yaşayan insanlar, ona səs verən seçicilər qarşısında birbaşa məsuliyyət, cavabdehlik daşıyır. Əhalinin problemləri ilə yaxından tanış olan bələdiyyələr seçicisini razı salmağa mütləq borcludur. Buna görə də, Mingəçevir seçicilərinin seçkilərdə daha fəal olmasına və xalqa dayaq olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəyinə əminliyimi bildirirəm".
Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının daima xalq tərəfindən dəstəkləndiyini qeyd etdi. Bunun əsas səbəbi isə, bu partiyanın Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmasıdır: "Bununla yanaşı, Yeni Azərbaycan Partiyası hər zaman xalqın inamını əməli işi ilə doğruldub. YAP hər dəfə seçicilərlə görüşə öz yeni proqramları ilə gəlir və problemlərin həllinə çalışır. Təəssüf ki, bəzi siyasi qüvvələr ölkəmizdə yaradılan bu demokratik şəraitdən istifadə etmir. Bunun səbəbi isə, həmin qüvvələrin xalqla görüşməyə üzünün olmamasıdır. Mən əminəm ki, seçicilər səs verərkən hər zaman olduğu kimi, bu amili yüksək qiymətləndirəcək".
Bələdiyyə seçkilərinin mahiyyətindən danışan B.Quliyev bildirdi ki, bələdiyyələrə keçirilən ilk seçkilərdən sonra bu institut, faktiki olaraq, geniş fəaliyyət yolu keçib. Cəmiyyətimizdə bələdiyyələrin müəyyən dərəcədə nüfuzları artmış, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraqlar yaranmışdır. Bu, növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü aydın göstərir: "Uğurlu nailiyyətlərə nail olmaq üçün sizləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram".
Görüşün sonunda səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırdılar.

Digər xəbərlər