Bələdiyyələr yerli əhalinin mənafeyinə xidmət edəcəklər
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərində Binəqədi rayonundan namizədlikləri irəli sürülmüş nümayəndələrlə təbliğat-təşviqat kampaniyası çərçivəsində 9-cu mikrorayon sakinlərinin görüşü keçirildi.
Tədbiri giriş özü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov artıq bələdiyyə seçkilərinə bir neçə gün qaldığını vurğulayaraq, bələdiyyələrin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi formalaşdığını bildirdi. O, qeyd etdi ki, rayon üzrə partiyanın xətti ilə 73 bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb ki, onların seçkilərdə qələbə qazanmaları üçün ən yüksək səviyyədə təbliğat-təşviqat kampaniyası aparılıb.
N.Xəlilov Binəqədi rayonunun istər prezident seçkilərində, istər referendum səsverməsində birincilər sırasında olmasını xatırladaraq, bu dəfə də qabaqcıllığı əldən verməməyə, xalqımızın layiqli namizədləri olan Yeni Azərbaycan Partiyasının fəallarına səs verməyə çağırdı.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov seçkiyə hüquqi baxımdan yanaşaraq, bildirdi ki, hər birimizin seçkilərdə iştirakı konstitusion hüququmuzdur və biz bu səlahiyyətlərdən istifadə etməliyi.
Millət vəkili onu da bildirdi ki, bu gün Azərbaycanda bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər verilib. Əsas məsələ bu səlahiyyətlərdən düzgün, qanunauyğun şəkildə və səmərəli istifadə etməkdir. Hazırda bu səlahiyyətlərdən tam istifadə edən bələdiyyələr də var, ya da əksinə, istifadə etməyən və istifadə edə bilməyən bələdiyyələr də mövcuddur. Millət vəkili qeyd etdi ki, əgər bir orqan qurulubsa, fəaliyyət göstərirsə, vəzifələrini layiqincə və tam şəkildə həyata keçirə bilirsə, deməli, onun əlavə işləri də həyata keçirməyə gücü çatar. Bunu nəzərə alaraq, həmin strukturlara dövlət tərəfindən əlavə səlahiyyətlər verilməsi həyata keçirilə bilər. Bu, yuxarıda qeyd etdiyim kimi, Konstitusiyada da nəzərdə tutulub. Məsələn, əgər bir bələdiyyə müraciət etsə ki, aid olduğu ərazidə dövlətin və əhalinin mənafeyinə eləcə də xeyrinə olan hansısa məsələni reallaşdırmaq mümkündür, lakin bunu etmək bələdiyyənin qanunla nəzərdə tutulmuş səlahiyyətləri sırasında deyil.
Bir daha millət vəkili seçiciləri demokratik hüquqlarından istifədə edərək, seçkilərdə iştirak etməyə çağırdı.
Bələdiyyə seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Madar Musayev çıxış edərək, bildirdi ki, seçkilərdə iştirak etmək bizim vətəndaşlıq borcumuzdur. O, seçiciləri seçkiyə dəvət edərək, onları bələdiyyə seçkilərində fəal olmağa çağırdı. Səlahiyyətli nümayəndə bələdiyyələrin fəaliyyətini qeyd edərək, bildirdi ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir.
Millət vəkili onu da bildirdi ki, bələdiyyələrin formalaşmasında və bir çox problemlərin həllində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər mühüm əhəmiyyət kəsb edir. Bir çox problemin həll edilməsi bələdiyyə üzvlərinin fəaliyyətindən çox asılıdır. Buna görə də, özünüidəarəetmə strukturu olan bələdiyyələr hər birimizin həyatında xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, əhalinin həyat tərzinin yaxşılaşdırılması üçün xalqımızın layiqli namizədlərini dəstəkləməyə çağıraraq, növbəti bələdiyyələr seçildikdən sonra, bu meyarlara uyğun olaraq, daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər.
Tədbirdə çıxış edən partiyanın namizədlərindən Məlahət Hüseynova, Qəhrəman Qəhrəmanov, Sahib Məcidov və başqaları ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkədə aparılan geniş abadlıq və quruculuq işlərindən danışaraq, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərinə söz verdilər. Qeyd olundu ki, bələdiyyələrin təkmilləşdirilməsi əsas amillərdən biridir. Ona görə də bu sahəyə peşəkar, işinin öhdəsindən gələ bilən insanların cəlb edilməsi mütləqdir. Namizədlər YAP-ın nümayəndələri olduqlarından, qüdrətli partiyanın onlara göstərilən etimadını doğrultmağa çalışacaqlar.
Seçicilər çıxış edərək, öz növbələrində, arzu və təkliflərini verdilər və aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdilər.