Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr ölkələr həlledici rol oynaya bilər
Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana növbəti səfərlərini etdilər. Onların bu səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərinin yenilənmiş variantını Azərbaycana təqdim etmək və prezidentlər arasında növbəti görüşün təşkil edilməsi ilə bağlı danışıqlar aparmaq idi.
Qeyd edək ki, həmsədrlərin bundan öncəki bəyanatlarında prezidentlərin növbəti görüşünün təşkil edilməsi və sənədlərin hazırlanması istiqamətində işin aparıldığı da qeyd olunmuşdu. Lakin onlar növbəti görüşün artıq bu il yox, gələn ilin əvvəllərinə planlaşdırıldığını bildirmişdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın da tərəflər arasında razılığın əldə olunması üçün səy göstərmələri onların rəhbər orqanları səviyyəsində bəyan edilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya bir neçə gün bundan əvvəl səfəri və orda apardığı danışıqlar da bunu deməyə əsas verir. İstər Fransa prezidenti ilə, istərsə də Fransanın xarici işlər naziri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi vurğulanmışdır.
Bundan başqa, digər həmsədr ölkə olan Rusiya Xarici İşlər Nazirliyi də öz bəyanatında münaqişənin həll olunması üçün münbit şəraitin və lazım olan vaxtın yetişdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi, həmçinin, razılaşmanın yeni - 2010-cu ildə əldə olunacağını da qeyd edib. Onun belə bir bəyanatla çıxış etməsi münaqişənin həlli üçün yeni ümidlərin yaranmasına səbəb olub. Çünki Rusiya Minsk Qrupunun həmsədri olmaqla yanaşı, regionda da real qüvvə sayılır və münaqişə ilə birbaşa bağlı olan ölkədir.
ABŞ-a gəldikdə isə, demək olmaz ki, o, münaqişənin həllində fəallıq göstərir və bu məsələdə öz köməyini əsirgəmir. Düzdür, Amerika dövləti münaqişə yaranandan bəri hər zaman müxtəlif səviyyələrdə bunun həllinə səy göstərmiş, öz töhfəsini vermişdir. Lakin müxtəlif prezidentlərin dövrlərində də bu məsələyə yanaşma müxtəlif olmuşdur ki, bu da həmin prezidentlərə göstərilən erməni lobbisinin təzyiqindən asılı olmuşdur. Son zamanlarda da, görünür, bu təsir özünü göstərməkdədir. Belə ki, bu günlərdə ABŞ tərəfindən Ermənistana yardımın göstərilməsi barədə məlumatlar Azərbaycan ictimaiyyətində də narahatlıq doğuran məsələlərdəndir. Çünki Ermənistana göstərilən maliyyə yardımı onun iflic olmuş iqtisadiyyatına həyat verir və bu pullar Dağlıq Qarabağın bərpasına yönəlir. Bütün bunlar da son nəticədə onsuz da barışmaz olan mövqeyini daha da sərtləşdirməyə imkan verir. Məhz buna görə də Azərbaycan cəmiyyəti bu məsələyə qarşı öz etirazını bildirməkdə haqlıdır. Hətta vəziyyət o həddə çatmışdır ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birliyi ABŞ-ın Minsk Qrupu həmsədrliyindən çıxmasının vacib olduğunu bildirib.
Lakin Ermənistana edilən maliyyə yardımlarına baxmayaraq, ABŞ davamlı olaraq, münaqişənin həllinə çalışır və bu məsələdə öz demokratik mövqeyini nümayiş etdirməkdən çəkinmir. Qeyd etmək lazımdır ki, onun Dağlıq Qarabağ münaqişəsinin həllinə yetirdiyi diqqət Türkiyənin də bu məsələdə israrlı olması ilə bağlıdır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasını bildirən Türkiyə dövləti ABŞ-dan da məsələyə eyni diqqəti tələb edir.
Həmsədr ölkələrin belə mövqe nümayiş etdirmələri münaqişənin həlli prosesində əldə olunan irəliləyişlərdən xəbər verir. Onların son səfərləri zamanı da nikbin əhval-ruhiyyəyə malik olmaları müşahidə olunub. Lakin burada maraqlı məqam ondan ibarətdir ki, həmsədrlər bu dəfə yalnız Azərbaycana səfər etməklə kifayətləndilər. Əvvəlki səfərlərdən fərqli olaraq, onlar yalnız Azərbaycanın məsələyə münasibətini öyrəndilər və Ermənistanın razılığını almadılar. Belə bir sual yaranır ki, bəlkə həmsədrlər artıq Ermənistanın razılığını almışdılar. Yəni onlar Azərbaycana təqdim etdikləri sənədləri artıq Ermənistanla razılaşdırmış və Azərbaycanın münasibətini öyrənmək istəyirdilər. Hər halda, bütün bunlar ehtimaldır və yalnız gələn ilin əvvəllərində bunların nə dərəcədə özünü doğrultması bəlli olacaq. Məlum olan bir şey var ki, o da Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın bu faktla gec də olsa razılaşmasıdır.