Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib
Dünən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramlarının 4-cü illiyinə həsr olunmuş iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə imzaladığı sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Onun sözlərinə görə, imzalanmış sənədə əsasən Prezident İlham Əliyev FHN-nin bır sıra əməkdaşlarını fəxri adlar və mükafatlarla təltif edib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyini, xalqın tərəqqisini və xoşbəxtliyini özünə başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən xalqımızın böyük oğlu, müdrik və uzaqgörən siyasətçi, ulu öndər Heydər Əliyevin ideyaları ölməzidir. "Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti davam etdirir və möhkəmləndirir. Uğurla həyata keçirilən islahatlar, dövlət və regional proqramlar Azərbaycanı regionda lider dövlətə çevirib", - deyən Kəmaləddin Heydərov qeyd edib ki, başa çatmaqda olan ilin ən mühüm hadisəsi nazirlik üçün xüsusi ixtisaslı, təhsilli kadrların hazırlanmasının, əməkdaşların ixtisaslarının artırılmasının və fövqəladə hallar sahəsində tədqiqat işlərinin aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılan sahəvi təhsil və elmi müəssisə olan FHN-in Akademiyasında ilk tədris ilinin başlanması olub. "Hazırda akademiyada 2 ixtisas üzrə 100 müdavim ali təhsil alır. Akademiyanın uyğunlaşdırılmış tədris korpusu və yataqxanaları istifadəyə verilib. Müasir avadanlıqlarıla təchiz edilib", - deyə nazir əlavə edib.
Daha sonra nazir bildirib ki, ötən dövr ərzində fövqəladə halların xəbərdar edilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, 2009-cu ilin ötən dövrü ərzində müxtəlif obyektlərdə həyata keçirilən araşdırmalar nəticəsində 903 obyektdə aşkar edilən nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq xəbərdarlıq edilib. Nazirin sözlərinə görə, mövcud qanunvericiliyə əsaslanaraq nöqsanların aradan qaldırımasını təmin etməyən 515 obyektin eketrik enerjisi və su təchizatının dayandırılması barədə aidiyyatı orqanala müraciət olunub.