Xalq firavan gələcəyə səs verəcək
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı rayonun Komuna kəndində seçicilərlə növbəti görüş keçirdi.
Görüşdə YAP Qazax rayon təşlilatının fəallarından ibarət təbliğat qruplarının üzvləri, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülmüş partiya üzvləri iştirak etmişdir. Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkəmizdə formalaşmış mükəmməl seçki ənənələrinin demokratik dəyərlərlə tam uyğunluq təşkil etdiyini bildirdi.
H.Pənahov onu da bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq və bələdiyyə seçkilərində namizədliyi irəli sürülən iqtidar partiyasının üzvləri böyük uğurlara nail olacaq".
Sonra tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatı tərəfindən Çaylı bələdiyyəsinə namizədliyi irəli sürülən Ceyhun Süleymanov kənd və qəsəbələrdə görülən işlərlə bağlı məlumat verdi. Yeni Azərbaycan Partiyasının budəfəki bələdiyyə seçkilərində gənclərə və qadınlara böyük diqqət ayırdığını deyən C.Süleymanov vurğuladı ki, bu, dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisi kimi qiymətləndirilməlidir.
Qazax rayon Çayla bələdiyyəsinə namizəd Əfqan Allahverdiyev yerli özünüidarə institutunun-bələdiyyənin Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin başlıca atributlarından sayıldığını bildirdi. Onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən Ümummilli Lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək.
Daha sonra bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən irəli sürülən namizəd Solmaz Nağıyeva çıxış edərək, bildirdi ki, böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. Bu baxımdan, inanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq".
Çaylı bələdiyyəsinə irəli sürülən namizəd Elşad Axundov isə bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan fərqli olduğunu söylədi: "Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər də bu amili əsas tutaraq, keçirilən görüşlərdə yerli əhali ilə sıx münasibətlər qurmaq üçün keçirilən görüşlərdə iştirak edir, problemlərini eşidir, seçiləcəyimiz halda, onların aradan qaldırılmasına söz veririk".
Tədbirin sonunda seçicilərin sualları cavablandırıldı.