Demokratik institutların formalaşmasında bələdiyyənin rolu böyükdür
Dünən YAP Qusar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun kommunal müəssisə təşkilatları, şəhər 3 və 4 saylı məktəblərinin kollektivlərilə növbəti görüş keçirdi. Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, ilk olaraq, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışdı. Bildirdi ki, Milli Məclisdə bələdiyyələrin sayının azaldılması və birləşdirilməsi ilə bağlı qəbul olunmuş Qanunun icrası məqsədilə Qusar rayonunda da bir neçə bələdiyyələr birlşdirilib: "Dekabrın 23-də keçiriləcək seçkilər zamanı 29 bələdiyyəyə 261 nəfər namizəd irəli sürülüb. YAP Qusar rayon təşkilatı bütün yerlərə öz namizədlərini irəli sürüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənclər, 55 nəfəri isə qadınlardır".
D.İbrahimxəlilov yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələrin qoyulduğunu bildirdi. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan natiq qeyd etdi ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib. YAP Qusar rayon təşkilatının sədri bu seçkilərdə də, YAP-ın irəli sürdüyü namizədlərin seçicilər tərəfindən yekdilliklə dəstəklənəcəyinə əminliyini bildirdi.
Tədbirdə YAP Qusar rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş Nadir Hacıqayıbov çıxış edərək, iqtidar partiyasının qələbəsinə əminliyini söylədi: "Çünki Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" proqramı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışırıq".
Bələdiyyə üzvlüyünə namizəd Baxış Abdulsəmədov seçicilərlə görüşün əhəmiyyətinə toxunaraq, bildirdi ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirən qurumdur: "Bu mənada da seçicilərlə keçirilən görüşlərdə əhalini problemləri ilə daha yaxından tanış olursan. Eyni zamanda, bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən prezident və parlament seçkilərinin uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının irəli sürdüyü biz namizədlərin qusarlılar tərəfindən yekdilliklə dəstəklənəcəyimizə inanırıq".
Namizəd Reyhan Hüseynəliyeva yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirdi. R.Hüseynəliyeva YAP-ın ölkədə ən güclü partiya olduğunu deyərək, qeyd etdi ki, partiya tərəfindən irəli sürülən namizədlər yerli əhali tərəfindən də dəsətəklənirlər: "İmzatoplama kampaniyası və keçirilən görüşlər zamanı da şahid olduq".
Sonda seçicilərlə namizədlər arasında fikir mübadiləsi aparıldı.