PDF Oxu

Xəbərlər

  • 38

Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək

Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində, rayonunun Ləcət, Həsənqala kəndlərinin və Xudat qəsəbə seçicilərilə növbəti görüş keçirdi. Tədbirlərdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirdi ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi mühüm əhəmiyyətə malikdirlər. N.Ağayev onu da qeyd etdi ki, rayonda 40 bələdiyyəyə 374 bələdiyyə üzvü seçilməlidir: "YAP Xaçmaz rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə 374 nəfər namizədliyini irəli sürüb ki, onların hamısının namizədliyi qeydə alınıb. Qeydə alınanların 31 faizi qadın, 30 faizi isə gənclərdir".
N.Ağayev bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində uğurlu işlərin görüldüyünü söyləyərək, dövlət tərəfindən bu quruma diqqətin olduğunu vurğuladı. O, həmçinin, Xaçmaz rayonunun sakinlərinin ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçirilən seçkilərdə də fəal olacağına inandığına və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi: "Seçkiyə ciddi hazırlıq, onu deməyə əsas verir ki, Xaçmaz seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar".
Rayon sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan YAP Xaçmaz rayon təşkilatını sədri YAP-ın bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini bildirdi: "Yeni Azərbaycan Partiyası bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. Azərbaycanın yerli özünüidarəetmə institutunun formalaşması istiqamətində xeyli təcrübə qazanan partiyamızın dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində qələbəsi labüddür".
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Ziyad Səmədzadə bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçkilər dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur: "Qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq və YAP-ın namizədləri düzgün təşviqat aparıb qələbə qazanacaqlar".
Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən Z.Səmədzadə bu qurumda gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan, mühüm əhəmiyyət daşıyır. Səlahiyyətli nümayəndə diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının "Xalqa xidmət naminə" devizi ilə seçkilərə qatılması ictimaiyyətin fəallığını artırır, xalqla - Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqəni və etimadı daha da sıxlaşdırır.
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Yevda Abramov Yeni Azərbaycan Partiyasının hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Millət vəkili partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü və irəli sürülən namizədlərin bu etimadı doğruldacaqları və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Musa Quliyev bələdiyyələrin Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin başlıca atributlarından sayıldığını bildirdi: "Bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, bu gün Azərbaycanda bu strukturla bağlı mükəmməl qanun işlənib hazırlanıb. Aparılan son islahatlardan sonra bələdiyyələrin sayı azaldılaraq, 1766-ya endirilib. Bu, bələdiyyələrin işini daha da effektivləşdirəcək. Dekabrın 23-də isə növbəti beşillik üçün bələdiyyələr seçiləcək".
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə etdilər. Seçicilər bir daha əminliklə vurğuladılar ki, yüksək seçici fəallıqlarını bu seçkidə də nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin qələbəsinin təmin olunmasına yekdilliklə səs verəcəklər.

Digər xəbərlər