PDF Oxu

Xəbərlər

  • 33

Nəsimi rayon seçiciləri seçkilərdə fəal iştirak edəcəklər

Nəsimi rayon seçiciləri seçkilərdə fəal iştirak edəcəklər
Dünən "Qarabağ" kinoteatrında YAP Nəsimi rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirdi. Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, YAP-ın cəmiyyətdəki nüfuzundan və rolundan geniş bəhs edib.
O, qeyd edib ki, xalqın partiyası olan YAP-a Azərbaycan cəmiyyətinin böyük sevgi və maraq göstərməsinin ciddi səbəbləri var: "Birincisi, YAP-ın yaradıcısı böyük siyasətçi, dövlət xadimi Ulu Öndərimiz Heydər Əliyevdir. Ulu Öndər YAP-ı xalqımızın partiyası olaraq, xalqımıza xidmət üçün yaradıb. Təsadüfi deyil ki, bu gün YAP Heydər Əliyev ideyalarına sadiqlik göstərir və Onun ideyalarının ən fəal təbliğatçısıdır. İkincisi, bu gün YAP-a Prezident İlham Əliyev Sədrlik edir. Cənab Prezidentin xalqımızın xoşbəxt, firəvan gələcəyi naminə gördüyü misilsiz işlər hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir. Üçüncüsü, YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib".
Nəsimi rayon bələdiyyəsinin fəaliyyətdə olan sədri, bələdiyyə üzvlüyünə namizəd Əziz Axundov görüşdə çıxış edərək, bildirdi ki, yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak edərək, bütün sınaqlardan üzüağ çıxan YAP-ın zəngin seçki təcrübəsi formalaşıb. Onun sözlərinə görə, yüksək hazırlığı, gördüyü işlər, tətbiq etdiyi seçki texnologiyaları və ən əsası xalq sevgisi bu seçkilərdə də YAP-ın qələbə qazanacağını deməyə əsas verir. O, ölkəmizdə bələdiyyələrin yaranması tarixindən danışdı: "1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrlə bağlı bir çox maddələr yer almışdı. Lakin bu özünüidarə strukturunun ölkəmizdə tam olaraq formalaşması prosesi 1999-cu ildə başa çatdı. Həmin ildə də ilk bələdiyyə seçkiləri keçirildi. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb. Bir institut kimi, Azərbaycanda 10 il öncə yaradılan yerli özünüidarəetmə orqanları öz işini məhz əsas qanunumuzun tələblərinə uyğun olaraq qurub".
Bələdiyyə üzvlüyünə namizəd Asif Qurbanov çıxışında bildirdi ki, vətəndaşlarımızın rifahının yaxşılaşması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, seçicilərin seçkilərdə fəal iştirak edəcəyi şübhəsizdir: "Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvləri də məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Seçicilər, hər zaman olduğu kimi, bu dəfə də gerçəklikləri dəyərləndirərək, bu seçkilərdə düzgün seçim edəcəklər. Həmçinin, ötən 10 ildə əldə olunmuş təcrübə də imkan verir ki, daha yüksək səviyyədə fəaliyyət göstərmək mümkün olsun".
Seçicilər qarşısında çıxış edən bələdiyyə üzvlüyünə namizəd Almara Paşayeva ümumxalq partiyasına çevrilən YAP-ın böyük nüfuza malik olduğunu söylədi: "Xalqımızın bu partiyaya etimad göstərməsi uğurlarımızda əsas rol oynayır. Partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyimizin irəli sürülməsi hər birimizin üzərinə yüksək məsuliyyət hissi qoyur. Biz göstərilən diqqət və qayğıya səmərəli fəaliyətmizlə cavab verəcəyik. Həmçinin, dövlətimizin daxili və xarici siyasətini daim dəstəkləyəcək, işgüzarlıq və əməkdaşlıq nümayiş etdirəcəyik".
Bələdiyyə üzvlüünə namizəd Rahib Hacıyev çıxışında vurğuladı ki, YAP indiyə qədər keçirilən seçkilərdən böyük qabiliyyətlə çıxdığını, bələdiyyə seçkilərində də böyük üstünlük əldə edərək qalib gələcəyinə əminliyini bildirdi. Eyni zamanda, partiya tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərə uğurlar arzuladı. O, YAP-ın bələdiyyə seçkilərində onlara göstərilən bu etimada layiq olmağa çalışacaqlarını, seçkilərdə qələbə qazanacaqlarına inandığını vurğuladı.

Digər xəbərlər