Seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olacaq
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Gülüstan qəsəbəsində 4,5 saylı binaların qarşısındakı məhəllə klubunda Nizami bələdiyyəsi seçiciləri, S.Vurğun küçəsi 97-də yerləşən 1 saylı klubda Kəpəz bələdiyyəsi seçiciləri ilə YAP tərəfindən namizədliyi irəli sürülən bələdiyyə üzvlüyünə namizədlərin görüşü keçirildi.
Tədbirlərdə YAP Gəncə şəhər təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər,ictimaiyyətin nümayəndələri, 1000 nəfərdən çox seçici iştirak etdi. Görüş, həmişə olduğu kimi, yenə seçicilərin fəallığı ilə müşahidə olundu.
Görüşü YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq, bildirdi ki, bu günə qədər Azərbaycanda keçirilən parlament, prezident və bələdiyyə seçkilərində YAP çox böyük uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının ən böyük uğuru isə Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanan, Onun siyasi kusunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın bugünkü inkişafı, tərəqqisi yolunda həyata keçirdiyi məqsədyönlü, praqmatik siyasətin nəticəsidir: "Fəaliyyətində demokratik prinsiplərə daha çox üstünlük verən YAP respublikadakı dinamik inkişaf tempinin aparıcı qüvvəsi olmaqla, ölkəmizə böyük siyasi və iqtisadi uğur gətirən islahatların həyata keçirilməsində də avanqard rolunu saxlayır. Ötən illərin təcrübəsinə əsasən, inamla demək olar ki, hər bir siyasi kampaniya zamanı demokratik, sivil cəmiyyətə xas olan beynəlxalq standartların tətbiqinə geniş yer verilməsini insan hüquqlarının qorunmasının başlıca şərti kimi dəyərləndirən Prezident cənab İlham Əliyev başçılıq etdiyi YAP-ın hər bir üzvündən işinə, vətəndaşlıq mövqeyinə məsuliyyətlə yanaşmağı tələb edir. Bu dəyərlər üzvlərinin sayı 500 minə yaxın olan YAP-ın proqramının əsas müddəalarındadır. Buna görə də ölkə əhalisi tərəfindən daim dəstəklənən və xalqın partiyası kimi şərəfli ad qazanan partiyamız bütün siyasi kampaniyaları uğurla, xalqla birlik və həmrəylik ifadəsi olan qələbə ilə başa vurur. 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə də bu inamla başlayan, təbliğat-təşviqat kampaniyasını inandırma metoduna əsasən formalaşdıran Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən bütün namizədlər cəmiyyətdə müəyyən mövqeyi olan, ictimai fəaliyyəti ilə yaşadığı ərazi sakinlərinin hörmətini qazanan, insanlar tərəfindən dəstəklənən bacarıqlı və təşəbbüskar üzvlərinin namizədliyinə üstünlük verir".
Təbliğat qrupunun üzvlərindən professor Mirdaməd Sadıqov, professor Elman Məmmədov öz çıxışlarında bildirdilər ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat-təşviqat fəaliyyəti ilə bağlı istiqamətlər əsas etibarı ilə bələdiyyələrin təkmilləşdirilməsindən, demokratikləşdirilməsindən, hüquqi islahatların həyata keçirilməsindən və digər məsələlərdən ibarətdir. Çıxış edənlər söylədilər ki, bütün məsələlər Yeni Azərbaycan Partyasının "Xalqa xidmət naminə" adlı Seçki Proqramında geniş əksini tapmışdır: "Xalqın, dövlətçiliyin mənafeyi naminə gördüyü işlərlə cəmiyyətdə möhkəm mövqe tutan və nüfuz qazanan YAP digər partiyalara örnək olduğu kimi, təşkilatın hər bir üzvü təşəbbüskarlığı ilə də fərqlənir. Bu keyfiyyətlər belə bir inama əsas verir ki, bələdiyyə seçkilərində insanlar düzgün seçim edərək, həmişə olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Görüş iştirakçıları onu da bildirdilər ki, bələdiyyə üzvlüyünə namizədlər seçkilərdə uğur qazanarlarsa, onlara verilən səlahiyyətlər çərçivəsində əhalinin sosial problemlərinin həllində yaxından iştirak etməli, onları narahat edən problemlərin aradan qaldırılmasına çalışmalıdırlar. Bir halda ki, insanlar onlara inanırlar, etibar edirlər, deməli, bu etimadı məsuliyyətlə və şərəflə doğrultmaq lazımdır. Başlıca məqsəd odur ki, seçicilər bülletendə adları yazılan namizədə öz münasibətini sərbəst, heç bir təzyiq və təsir olunmadan bildirsinlər. Elə bu səbəbdəndir ki, ötən dövrdə keçirilən seçkilərə hazırlığı və səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər Azərbaycan demokratiyasını digər dövlətlərə nümunə göstərir, ölkəmizdə qazanılan seçki təcrübəsi örnək kimi tövsiyə olunur. Onlar seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində ölkə rəhbərliyinin siyasətini dəstəkləməyə və onlara səs verməyə çağırdılar.
YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov tədbiri yekunlaşdıraraq, son illərdə Azərbaycan iqtisadiyyatının qüdrətlənməsi, respublikamızın daxili və xarici siyasətinin uğur qazanması istiqamətində apardığı işlərin müsbət nəticəsi, həyata keçirilən dövlət proqramlarının, infrastruktur layihələrin tətbiqi ilə əldə olunan uğurlarda YAP-ı təmsil edənlərin xidmətlərinin böyük olduğunu vurğuldı: "Bu baxımdan, əminik ki, bələdiyyə seçkilərində partiyamızın namizədlərinə layiq olduqları yüksək etimad göstəriləcək".
Tədbirin sonunda şəhərin musiqi kollektivləri görüş iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış etdilər.