PDF Oxu

Xəbərlər

  • 37

MİLLİ RUHU QORUMAĞIN ƏN MÜKƏMMƏL FORMASI MİLLİ DÖVLƏTÇİLİKDİR

MİLLİ RUHU QORUMAĞIN ƏN MÜKƏMMƏL FORMASI MİLLİ DÖVLƏTÇİLİKDİR

Azərbaycan daim insan hüquq və azadlıqlarına xüsusi diqqət göstərmişdir. Bununla bağlı demokratik qanunlar qəbul edilmiş, Prezident fərmanı və sərəncamları verilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci il iyunun 18-də Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbulu da hüquqi islahatlar prosesində yeni mərhələ açmışdır.
Həmin il iyulun 14-də isə Azərbaycanda müasir hüquqi dövlətin ən vacib institutlarından biri-Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, ilk növbədə, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunmasını reallaşdırdı. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarında daha birinə əməl olundu - Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə yerli özünüidarə institutu fəaliyyətə başladı. Azərbaycanda hüquqi islahatların beynəlxalq standarlara uyğunlaşdırılması baxımından, Ümummilli Liderimizin qətiyyətli addımları olmuşdur.
1996-cı il iyulun 8-də Ulu Öndər Heydər Əliyevin imzaladığı "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında" sərəncamın əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Aparılan gərgin işlərin nəticəsi olaraq, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin sırasında özünə layiq yer tutduğunu bir daha sübuta yetirdi. Eyni zamanda, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyü milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinin işlək mexanizmini hazırlamağa imkan verdi. Təşkilatın üzv dövlətlər qarşısında qoyduğu başlıca tələblərdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi, habelə, qanunun aliliyi naminə məhkəmələrin müstəqilliyinin təmin edilməsidir ki, ölkəmiz bu istiqamətdə böyük nailiyyətlər əldə etmişdir.
Etiraf etməliyik ki, müstəqil Azərbaycanın banisi və qurucusu, böyük siyasi xadim Heydər Əliyev konsepsiyası xalqımızın milli ideologiyasına çevrilmişdir. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji xəttini Azərbaycançılıq ideyası təşkil edirdi. O, bütün dövrlərdə milli dövlətçilik quruculuğunun, dövlətçilik ideya və ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışmış, ziyalıları da bu işin önündə getməyə çağırmışdır. Ulu Öndər Heydər Əliyevə görə azərbaycançılıq və ziyalılıq, məhz bu nöqtədən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcəyə çatdırmağın ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasından ibarətdir. Çıxışlarının birində Böyük Öndər üzünü müxalif mövqeni bölüşən insanlara tutaraq demişdir: "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına müxalifətdə durmasın. Siyasi baxışından və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. Mən xalqımı dəfələrlə buna dəvət etmişəm."
Xarici ölkələrdə diasporanın formalaşması və onun inkişaf etdirilməsi dövlətimizin əsas diqqət çəkdiyi sahələrdəndir. Diaspora işi üzrə Dövlət Komitəsinin yaradılması və komitənin fəaliyyətinin gücləndirilməsi üçün maddi-texniki bazasının formalaşdırılması dövlətin diaspora işinin gücləndirilməsinə diqqətin nümunəsidir. Məhz komitənin yaradılmasından sonra Azərbaycanın haqq işi demokratik düşüncəli dünya xalqları arasında daha geniş və gur səslə çatdırılmağa başlayıb. Qondarma erməni soyqırımının ifşa edilməsində, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi, xüsusilə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya xalqlarına çatdırılımasında xarici ölklərdəki diaspora təşkilatlarının xüsusi rolu olmuşdur. Artıq diaspora üzvləri müdafiəyə deyil, daha çox hücum taktikasına üstünlük verirlər. Bu da Azərbaycan dövlətinə məkrli planlar hazırlayan dövltlərin, xüsusilə də, qəsbkar Ermənistanın ifşa olunmasına imkan yaradır. Xaricdəki azərbaycanlıların bu qətiyyəti, mübarizliyi, təbii ki, 50 milyonluq azərbaycanlıların yeganə vətəni olan Azərbaycan dövlətindən böyük dəstək almalarından irəli gəlir. Eyni zamanda, Azərbaycan diasporaları qüvvələrini türk diasporaları ilə birləşdirməklə, daha mütəşəkkil olublar. Bu birliyin yaranmasında ölkə Prezidenti İlham Əliyevin müstəsna rolu olmuşdur. Türkdilli dövlət başçılarının İstanbul şəhərində keçirilən zirvə toplantısında Prezident İlham Əliyev "Biz xarici ölkələrdə, o cümlədən, beynəlxalq təşkilatlarda qüvvələrimizi birləşdirməli və müdafiədən hücum taktikasına üstünlük verməklə fəaliyyət göstərməliyik"-deyə bildirdiyi tarixi kəlam Türk - Azərbaycan diasporalarının ruhlandıraraq, birgə fəaliyyət qurmağa sövq edib.
Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğunda həmişə ziyalılara böyük önəm verir, onların bu prosesdə daha çox iştirakına şərait yaradırdı. Ziyalılarla görüşündə dəfələrlə vurğulayırdı ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək ziyalılığın ən ali məqamıdır. Ulu Öndər Heydər Əliyevi böyük siyasi lider kimi səciyyələndirən cəhətlərindən biri də məhz zamanın nəbzini düzgün tutması, hadisələrin öz təbii axarı ilə getməsinə imkan yaratması, onları nə tələsdirməməsi, nə də gecikdirməməsidir.
Ümummilli Liderimiz xalqına rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçilik ənənələrinin bərpa edilməsində və milli ruhun yaşadılmasında bir ziyalı kimi hər bir alimdən, şairdən, elm xadimindən yazıçıdan daha çox mübarizə aparmış, daha çox iş görmüşdür. Elə götürək, Azərbaycan dili ilə bağlı onun qətiyyətli mövqeyini. Ulu Öndər Heydər Əliyev dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edirdi. Çıxışlarının birində demişdi ki, milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri məhz milli-ədəbi dilin zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan dilinin dövlət dili kimi, diplomatik dil kimi işlədilməsinə əlverişli şərait yaratdı. Belə bir böyük və məsuliyyətli vəzifəni az qala təkbaşına həyata keçirən Heydər Əliyevə qarşı çıxanlar, min bir əziyyətlə yaratdığı dövlətçiliyimizə zərbə vurmaq istəyənlər az olmadı. Onlar ölkədəki dinamik inkişafı, ciddi demokratik proseslərin getdiyini görmək istəmir, sivil mübarizə metodlarını mənimsəmirdilər. Qərb ölkələrinin üstünlüklərindən biri odur ki, bu cəmiyyətlərdə hər kəs öz işi ilə məşğul olur. Peşəkarlıq ön plana keçdikdə ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümummilli mənafelərə xidmət etmək çətin olmur.
Bütün bunlara rəğmən, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi ilə müstəqilliyini qoruyub möhkəmləndirən Azərbaycan gələcəyə doğru inamla irəliləyir. Artıq bu irəliləyişə əngəl törətmək mümkün deyil. Çünki Azərbaycan xalqı xoşbəxt gələcəyi, hərtərəfli inkişafı üçün Ümummilli Lider Heydər Əliyev ideyalarına və Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevə güvənir.

Məqalə Azərbaycan Respublikası KİV-lərin İkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yazı müsabiqəsinə təqdim olunur

Digər xəbərlər