Bələdiyyələr Azərbaycan cəmiyyətində institut kimi formalaşıb
Dünən Suraxanı rayonunun Zığ qəsəbəsində bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov açaraq, bildirdi ki, Suraxanı rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. Zığ qəsəbəsindən partiyanın 11 namizədinin irəli sürüldüyünü qeyd edən aparat rəhbəri budəfəki bələdiyyə seçkilərində qadın və gənclərə üstünlük verildiyini bildirdi.
O bildirdi ki, bələdiyyələrin yaranmasından keçən 10 illik bir dövr, bu illər ərzində görülən işlər yerli özünüidarəetmə orqanlarının Azərbaycan cəmiyyətində əhəmiyyətli rol oynadığını və lazımlı bir institut kimi formalaşmasını sübut edir.Bələdiyyələrin fəaliyyətində mövcud olan müəyyən çatışmazlıqları və nöqsanları istisna etməklə, bu orqanların artıq ölkənin sosial-iqtisadi həyatında özünə müəyyən mövqe qazandığını, insanların güvənc yerinə çevrildiyini söyləmək olar.
F.Rəsulov bildirdi ki, bələdiyyələri işlək, insanlarla daimi ünsiyyətdə olan, ictimai-sosial həyatımızın əksər sahələrinə nüfuz edən və bu həyatı yaxşılaşdırmağa cavabdeh olan bir orqan kimi xarakterizə etsək, onda hər bir bələdiyyə üzvünün öz seçicisi qarşısında böyük məsuliyyət daşıdığını yəqin etmiş olarıq. Bələdiyyə üzvü seçilmək həm etimad, həm də məsuliyyətdir. Bələdiyyə seçkilərinin mahiyyətindən danışan F.Rəsulov bildirdi ki, bu seçkilər bələdiyyələrin həyatında mühüm rol oynayacaqdır. Çünki əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyi qeydə alınan insanlar arasında ali təhsillilərin, mütəxəssislərin, gənclərin, qadınların, ictimai sahədə çalışanların üstünlük təşkil etməsi seçkilərdən sonra təşkilatçı kadrlar hesabına yerli özünüidarəetmə orqanlarında işlərin daha yaxşı qurulacağına zəmin yaradacaqdır. O, qəsəbə sakinlərini ildən-ilə formalaşan və inkişafda olan bələdiyyələrə namizədlikləri irəli sürülmüş partiyanın layiqli nümayəndələrinə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Zəkiyə Musayeva çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyasının tövsiyələri əsasında qadın və gənclərin namizədlikləri irəli sürülüb. O bildirdi ki, bələdiyyə üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr seçilərkən, qarşıda məqsəd qoyaraq, ilk əvvəl düşünməlidirlər ki, mən xalqım üçün nə edəcəyəm. Onların xüsusi platformaları olmalıdır. Bələdiyyələr fəaliyyətsiz orqan deyil, inkişafda olan, ildən-ilə formalaşan, cəmiyyətdə özünə müəyyən mövqe qazanan, respublikamızın inkişafına, insanların mənafeyinə xidmət edən bir özünüidarəetmə strukturudur. Bunu 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə göstərilən maraq və bələdiyyə üzvü seçilmək uğrunda gedən gərgin mübarizə bir daha sübut edir.
Seçkilərdə üstünlük qazanıb bələdiyyə üzvü seçilmək seçicilərlə bərabər namizədlərdən də çox asılıdır. Təbliğat-təşviqat dövrü ərzində namizədin hazırlığı, dünyagörüşü, siyasi baxışları, seçicilərə münasibəti, verilən sualları dəyərləndirib tutarlı faktlarla cavablandırması, qanunları bilməsi başlıca şərtdir və hər bir bələdiyyə üzvlüyünə namizəd seçki kampaniyasının məsuliyyətini dərindən dərk edib qiymətləndirməlidir. Hər zaman olduğu kimi, bu dəfə də, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Tədbirdə çıxış edən namizədlərdən Mütəllim Məmmədov bildirdi ki, Yeni Azərbaycan Partiyasının bələdiyyələrlə bağlı hazırladığı proqramı əsas tutaraq, xalqın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlindən gələni əsirgəməyəcək.
Seçicilərdən Məhsəti Zeynalova, Asəf Hüseynov bələdiyyələri xalqa daha yaxın olmağı, qəsəbədə olan problemləri aradan qaldırılmasına, onların həyat şəraitinin yaxşılaşdırılmasına çağırdı və eyni zamanda, 23 dekabr bələdiyyə seçkilərində partiyanın layiqli namizədlərini dəstəkləyəcəklərini bildirdi.