YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısıdır
Dünən Hövsan qəsəbəsində bələdiyyəyə seçkilərilə bağlı təbliğat-təşviqat çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov bələdiyyə seçkilərində partiyamızın böyük seçki təcrübəsinin olduğunu xatırladaraq, bunun seçkilərdə böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olduğunu nəzərə çatdırdı. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də sosial dayaqlarına söykənərək, bələdiyyə seçkilərinə layiqli namizədlərini irəli sürüb. Aparatın rəhbəri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinin irəli sürülməsinə üstünlük verildiyini də nəzərə çatdırdı. O, qeyd etdi ki, ölkəmizdə bələdiyyələrə dair qanunvericlik bazası kifayət qədər mükəmməldir. Hər zaman seçkilərdə uğur qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanacağı şübhə yaratmır. F.Rəsulov bütün seçiciləri hər zaman olduğu kimi 23 dekabr tarixindəki bələdiyyə seçkilərində də fəal olmağa çağırdı.
YAP Suraxanı rayon qadınlar şurasının sədri Tünzalə Əliyeva çıxışında bu il, əvvəlki illərdən fərqli olaraq, bələdiyyə seçkilərində qadın və gənclərə üstünlük verildiyini nəzərə çatdırdı. Eyni zamanda, ixtisaslı kadrların da namizədlər sırasında üstünlük təşkil etdiyini bildirdi. Belə ki, ölkəmizdə qadınların da, gənclərin də ictimai-siyasi proseslərdə fəallığı yüksək göstəricilərlə ifadə olunur. Ona görə də natiq YAP bələdiyyə seçkilərində gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin yüksəlməsi ilə bağlı təkliflərin cəmiyyət tərəfindən yüksək qarşılandığını ifadə etdi.
T.Əliyeva "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP-ın seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəfə çatacağını da bildirdi. Müasir dövrümüzdə vətəndaşların rifahının yaxşılaşması istiqamətində, görülən işlərin məntiqi nəticəsi kimi, seçiciləri seçkilərdə fəal iştirak edəcəyi şübhəsizdir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Seçicilər, hər zaman olduğu kimi, bu dəfə də gerçəklikləri dəyərləndirərək bu seçkilərdə düzgün seçim edəcəklər.
YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva çıxışında bildirdi ki, bələdiyyə seçkilərində ölkədə aparıcı qüvvə olan gənclərin namizədliyinin irəli sürülməsi gənclərə dövlətimiz tərəfindən göstərilən böyük etimadın göstəricisidir. Budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayan Z.Musayeva partiyanın namizədlərinin bələdiyyələrdə təmsil olunmağa layiqli insanlar olduğunu nəzərə çatdırdı. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının idarə heyətinin üzvü Sədi Qurbanov, rayon təşkilatının qadınlar şurasının sədr müavini Kəmalə Qənbərova çıxış edərək, bələdiyyə strukturlarının fəaliyyətindən və onların təkmilləşdirilməsi istiqamətində aparılan işlərdən söz açıb seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırdılar. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də çoxminli sosial dayaqlarına söykənərək, namizədlərini irəli sürüb. YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, xalq doğru seçim edib YAP-ın namizədlərinə səs verəcək.
Görüşdə seçicilər, öz növbəsində, çıxış edərək, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildirdilər.