Bələdiyyə seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün mükəmməl seçki texnologiyası mövcuddur
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı rayonun Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində seçicilərlə görüşlər keçirdi. Görüşdə YAP Qazax rayon təşlilatının fəallarından ibarət təbliğat qruplarının üzvləri, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülmüş və namizədlikləri qeydə alınmış partiya üzvləri iştirak etmişdir. Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkəmizdə formalaşmış mükəmməl seçki ənənələrinin özünün bütün parametrləri ilə demokratik dəyərlərlə tam uyğunluq təşkil etdiyini bildirdi. H.Pənahov ölkədə bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının lazım olan bütün tədbirləri gördüyünü söylədi. Təşkilatın sədri rayonun ərazisində fəaliyyət göstərən dairə seçki məntəqələrinin işinin müasir tələblərə uyğun qurulduğunu qeyd edərək, qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri nəticələrin əldə edildiyini söylədi: "Rayon ərazisində bələdiyyə seçkilərinin də, əvvəlki seçkilərdə olduğu kimi, tam şəffaf və demokratik dəyərlərə uyğun formada keçirilməsi üçün seçki qərargahı yaradılmış və hər bir üzvə müəyyən işlər tapşırılmışdır. Eyni zamanda, seçki siyahıları da diqqət mərkəzində qalmaqdadır. Çünki seçkidə siyahalırın tərtib edilməsi vacib şərtdir. Qeyd edim ki, rayonumuzun 53 min seçicisi 107 saylı Qazax, 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyalarının 36 məntəqəsində, müvafiq olaraq, 47 və 165 bələdiyyə üzvünün seçilməsində iştirak edəcək. İnanıram ki, əvvəlki seçkilərdə fəallıq nümayiş etdirən seçicilərimiz bu seçkini də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa vuracaqlar".
H.Pənahov onu da bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və hazırda bu proses davam edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha böyük uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, dövlətçiliyə sədaqətli olan rayonun seçiciləri, hər zaman olduğu kimi, bu dəfə də doğru seçim edəcəklər".
Sonra tədbirdə çıxış edən namizədlər kənd və qəsəbələrdə görülən işlərlə bağlı ətraflı məlumat verdilər. Həmçinin, Yeni Azərbaycan Partiyasının budəfəki bələdiyyə seçkilərində gənclərə və qadınlara böyük diqqət ayırdığını və bunun dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisi kimi qiymətləndirdilər. Çıxış edənlər bildirdilər ki, seçicilərin göstərdiyi etimadı səmərəli fəaliyyətləri ilə doğruldacaqlar. Seçicilər isə çıxışlarında öz növbəsində, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdilər.