YAP bələdiyyə seçkilərində daha mütəşəkkil iştirak edəcək
Dünən YAP Dəvəçi rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Təzəkənd, Bilici və Ağalıq kəndlərinin seçicilərilə görüş keçirdi. Qeyd edək ki, görüşdə 450 nəfərdən çox seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Dəvəçi rayon təşkilatının sədri Mehdi Balabəyov "Partiyamızın digər yerli strukturları kimi, YAP Dəvəçi rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söyləyərək, bildirdi ki, rayonda 35 bələdiyyə fəaliyyət göstərir: "Seçkilərdə 15 bələdiyyəyə üzvlər seçiləcək. Bələdiyyə üzvlüyünə 261 nəfər namizədliyini irəli sürüb ki, onlardan 195 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanların 32 nəfəri qadın, 57 nəfəri gəncdir. 137 nəfərin namizədliyi YAP Dəvəçi rayon təşkilatı tərəfindən irəli sürülmüşdür".
Dəvəçi sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan M.Balabəyov qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söylədi: "Dəvəçililər Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov çıxış edərək, bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu bildirdi. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP mütəşəkkil formada iştirak edir. Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək, bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd etdi. Azərbaycanda bələdiyyələrin 10 ildir fəaliyyət göstərdiyini xatırladan T.Süleymanov bildirdi ki, ötən müddət ərzində, bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Millət vəkili onu da qeyd etdi ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyə üzvləri də bu meyarlara uyğun olaraq, daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər.
Millət vəkili partiyanın bütün namizədlərinin seçkilərdə qələbə qazanacaqları təqdirdə, insanlara ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu da vurğuladı və dekabrın 23-də seçiciləri fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırdı: "Çünki YAP xalqa xidmət edən partiya kimi, bütün proseslərin önündə gedir. Bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməklə, gələcəkdə sosial məsələlərin həllində özünüzə ən yaxın silahdaşlar qazanacaqsınız".
Görüşdə, həmçinin, bələdiyyə üzvülüyünə namizədlər üzərilərinə düşən vəzifə barədə məlumat verərək, bildiriblər ki, seçiləcək şəxslər daim insanların arasında olmalı, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməli və bu məsuliyyəti dərk edən namizədlər seçkilərə qatılmalıdırlar.
YAP-ın irəli sürdüyü namizədlərin bu məsuliyyəti dərk etdiyini deyən millət vəkili T.Süleymanov da deyilənlərlə həmfikir olduğunu bildirdi və əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də dəvəçililərin düzgün seçim edəcəyinə əminliyini vurğuladı.