YAP Suraxanı rayon təşkilatında Qaraçuxur, Yeni Günəşli sakinləri ilə görüş keçirildi
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında Qaraçuxur, Yeni Günəşli sakinləri ilə görüş keçirildi.
Tədbirdə çıxış edən rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov bildirdi ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazilərində tədbirlər uğurla davam etdirilməkdədir. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin yerlərdə davam etdrilməsi üçün qarşıdan gələn bələdiyyə seçkilərində qalib gəlməyin vacibliyini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, Milli Məclis üzvü Madar Musayev yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, yerlərdəki sosial məsələlərin həllində onların rolu, seçkiqabağı təşviqat və təbliğat işinin təşkilindən danışaraq, onlara seçiləcəkləri tədqirdə, "Xalqa xidmət naminə" devizi altında çalışmağı tövsiyə etdi. O bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin artırılması əsas vəzifə kimi qarşıda durmalıdır. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də, sosial məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb. M.Musayev bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğurlar arzulamaqla bərabər, onlara seçiləcəkləri təqdirdə, əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi. Millət vəkili, onu da qeyd etdi ki ki, ölkəmizdə qadınların da, gənclərin də ictimai-siyasi proseslərdə fəallığı yüksək göstəricilərlə ifadə olunur. Ona görə də, YAP bələdiyyə seçkilərində gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin yüksəlməsi ilə bağlı təkliflərini ifadə edib. Bələdiyyələrin işinin təkmilləşdirilməsi, bütövlükdə, yerli özünüidarəetmə orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. "Bu istiqamətdə addımlar atılır, o cümlədən, bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində parlament tərəfindən müəyyən işlər görülür."
Sonra namizədlikləri irəli sürülmüş şəxslər çıxış edərək, həyata keçirəcəkləri platformalardan danışdılar. Onlar bildirdilər ki, əhalinin mədəni istirahətinə xidmət edən yaşıllıq sahələrinin, obyektlərin yaradılmasında, abadlıq işlərinin aparılmasında yaxından iştirak edərək, xalqın rifahının yüksəldilməsinə çalışacaqlar.