Demokratik institutların formalaşmasında bələdiyyənin rolu böyükdür
Dünən, YAP Samux rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Poylu və Kəsəmən kəndlərində bələdiyyəyə namizədliyi irəli sürülmüş partiya üzvləri ilə seçicilərin görüşünü keçirdi. Görüşdə partiya fəalları, rayonun nüfuzlu şəxsləri, iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının təşviqat qrupunun üzvü Gülağa Bağırov açaraq, Yeni Azərbaycan Partiyasının bu seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini qeyd etdi. K.Bağırov YAP Samux rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar gördüyü tədbirlərdən danışaraq, bildirdi ki, YAP Samux rayon təşkilatı hər bir bələdiyyə üzrə namizədlər irəli sürüb. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. Çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə aktiv iştirak edin.
Rayon üzrə 23 bələdiyyəyə 203 nəfərin namizədliyinin irəli sürüldüyünü bildirən G.Bağırov Azərbaycanda bələdiyyə sisteminin formalaşması tarixindən bəhs etdi. Bildirdi ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında formalaşan bələdiyyələr qısa müddət ərzində öz fəaliyyətini genişləndirə bilib. Sonra natiq əvvəlki seçkilərlə müqayisədə bu seçkilərdə iştirak edən namizədlərin tərkibində qadınların, gənclərin və ali təhsillilərin üstünlük təşkil etdiyini bildirərək, bu siyasi kampaniyada YAP üzvlərinin yüksək fəallıq göstərəcəklərinə inandığını söylədi.
Görüşdə YAP Samux rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Mahal Alıyev, Paşa Rəhimov, Coşqun Məsiyev və Qəhrəman Bağırov seçicilər qarşısında çıxış edərək, qeyd etdilər ki, əgər onlar bələdiyyə seçkilərində qalib gələrək seçilərlərsə, kəndin sosial problemlərinin həll edilməsində fəallıq göstərəcəklər.
Tədbirdə çıxış edən digər partiya fəalları onu da bildirdilər ki, samuxlular ölkədə keçirilən bütün seçkilərdə həmişə fərqlənib və qarşıdan gələn bələdiyyə seçkilərində də fərqlənəcək və qalib siyasi partiya olaraq, böyük üstünlük əldə edəcəyi şübhəsizdir.