Mübariz Qurbanlı: “Madrid prinsiplərinin yeniləşdirilmiş variantı milli maraqlarımıza uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək”
"Madrid prinsiplərinin yeniləşdirilmiş variantı açıqlanmadığı üçün bu haqda indidən fikir yürütmək çətindir. Amma bir məsələ var ki, bu variant milli maraqlarımıza uyğun gələcəksə, Azərbaycan bu prinsiplər əsasında danışıqları davam etdirəcək". Bu sözləri YAP İcra katibinin müavini Mübariz Qurbanlı həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin yeniləşdirilmiş variantının hazırlanması haqda fikirlərinə münasibət bildirərkən deyib.
M.Qurbanlı qeyd edib ki, bu sənəd maraqlarımıza cavab verməsə, ölkəmiz yeni prinsiplərin hazırlanması və bunun əsasında da danışıqların aparılmasını təklif edə bilər. Onun sözlərinə görə, bütün hallarda Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək. "Azərbaycan Prezidenti vurğulayıb ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Bu baxımdan bütün həll variantları bu əsasda olmalıdır" deyə YAP İcra katibinin müavini vurğulayıb.