Qarabağ və Xocalı həqiqətlərinin geniş işıqlandırılması məqsədi ilə yazı müsabiqəsi elan edilir
Dünən "Xocalı Soyqırımını Tanıtma" İctima Birliyi Mətbuat Şurası ilə birgə tədbir keçirib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ermənilərin 1992-ci il fevralın 26-da həyata keçirdikləri Xocalı faciəsinin dünyanın ən qanlı teraktlarından biri olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı Xocalı faciəsi ilə bağlı sadəcə anım günlərində tədbirlər reallaşdırmamalıdır: "Bütün ictimaiyyət, o cümlədən, jurnalistlərimiz məqam düşdükcə, Xocalı həqiqətlərini dünyaya yaymalı, bu yöndə təbliğat aparmalıdır. Məhz bu məqsədlə də Azərbaycan Mətbuat Şurası "Xocalı Soyqırımını Tanıtma" İctima Birliyi ilə birgə yeni layihə hazırlayıb. Layihəyə əsasən Qarabağ mövzusunun, həmçinin, Xocalı soyqırımının geniş işıqlandırılması məqsədi ilə yazı müsabiqəsi elan edilir. 6 ay müddətinə keçiriləcək müsabiqəyə avqustun birində start verilsə də yazıların təqdimatı sentyabrın birindən həyata keçiriləcək. Gələn ilin fevralın 1-ə qədər davam edəcək müsabiqədə iştirak edəcək jurnalistlər yaradılan işçi qrupuna Qarabağ mövzusu və ya Xocalı soyqırımını əks etdirən 5 qəzet materialı təqdim etməlidir. Müsabiqədə birinci yeri tutan jurnalist 500 manat mükafat əldə edə biləcək. İkinci yerə 350, ikinci yerə isə 250 manat mükafat nəzərdə tutulub. Bununla yanaşı, 3 nominanta həvəsləndirici 100 manat mükafat veriləcək. Xarici mətbuatda, televiziya və radioda işıqlandarılan materiallar üçün də mükafatlar təsis edilib. Bu mövzuda əcnəbi KİV-də çıxış edən 3 ən yaxşı jurnalistə diplomlar və qiymətli hədiyyələr təqdim ediləcək".
Daha sonra çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctima Birliyinin sədri Şamil Sabiroğlu təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Xocalı faciəsinin, Qarabağ həqiqətlərinin, ermənilərin törətdikləri vəhşiliklərin dünyaya yayılmasında jurnalistlərin rolunu dəyərləndirən Ş.Sabiroğlu bildirib ki, bundan sonra bu istiqamətdə daha effektli fəaliyyət göstərəcəklər. Daha sonra təşkilat tərəfindən təsis edilən "Şəhid Şöhrət Həsənov adına diplom"lar təqdim olunub.