Milli taleyimizdə dönüş yaradan şərəfli tarix
1969-cu il iyulun 14-ü Azərbaycan tarixinin parlaq səhifələrindən biridir. Bu tarix ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrüdür. Ulu öndər hər zaman vətəninə, xalqına sadiq qalıb, Azərbaycanın dünyada tanınmasına nail olub, ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edib. Heydər Əliyevin hakimiyyətə gəldiyi tarix Azərbaycan xalqının həyatında yeni parlaq səhifə açıb. Dünən YAP Göyçay rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Ramiz İbrahimov XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin bütün həyatını xalqının nicatına həsr etdiyini, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, dövlət müstəqilliyimizin daimi və dönməz olmasını təmin etdiyini bildirib: "Hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının, əslində, çox aydın şərtləri var və şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq edib. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımıza bəxş olunan ən böyük nemət idi. Ulu öndər Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə "Qoy ədalət zəfər çalsın!" devizi ilə gəldi. Ulu öndər Heydər Əliyev aydın görürdü ki, sovet dövründə hələ çarizmdən "miras qalmış" bir meyilin zərərli nəticələri özünü yenə də büruzə verməkdədir. O zaman hakimiyyətdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin olması, onların daha aşağı vəzifələrdə yerləşdirilməsi həmvətənlərimiz arasında birliyə maneçilik törədir, yorucu intriqalara gətirib çıxarırdı. O, xalqla görüşlərində, rəsmi dövlət tədbirlərində respublikada özünü göstərən mənfi cəhətləri açıq deməkdən, onları yerindəcə tənqid etməkdən çəkinmirdi".
YAP Göyçay rayon təşkilatının idarə heyətinin üzvü Rəxşəndə Rəcəbova ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti ilə bağlı məlumat verib .Bildirib ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etdiyi dövrlər ərzində ölkədə bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir: "Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərimizin təhsil siyasətinin əsas leytmotivi olmuşdur.
Tədbirdə YAP Göyçay rayon təşkilatı qadınlar şurasının sədri Zivər Zeynalov, rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Şükürov, rayon təşkilatının idarə heyətinin üzvü Asif Nəbiyev, Şuşa şəhər 17 saylı məktəbin müəllimi Səməd Həsənov və başqaları çıxış edərək bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə, o cümlədən, hakimiyyətinin ikinci dövründə Azərbaycanın idarəçilik sükanı arxasına keçməklə, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Çıxış edənlər onu da qeyd ediblər ki, ümummilli liderimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalır. Hazırda onunla qürur duyuruq ki, bu uğur magistralında bizə ulu öndərimizin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.