Bir neçə gün sonra Azərbaycan mətbuatının yaradılmasının ildönümü qeyd olunacaq. Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan Milli Mətbuatı bu gün dövlətin diqqət və qayğısı əhatəsindədir. Əminliklə deyə bilərik ki, son illər mətbuatımız öz inkişaf dövrünü yaşayır. Mətbuatın inkişafında əldə edilən uğurları KİV nümayəndələri necə dəyərləndirirlər? Bu və digər suallarla iki qəzetin baş redaktoruna müraciət etdik.
Nurəddin Heydərov, "Kaspi" qəzetinin baş redaktoru:
- Bu gün mətbuatımızın maddi vəziyyəti bir o qədər də ürəkaçan deyil. Bununla əlaqədər olaraq mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mətbuata maliyyə yardımları ayrılır. Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının daha yaxşı inkişaf etməsinə şərait yaradacaq və mətbuatda olan bəzi problemlər də öz həllini tapacaq. Mətbuatımıza digər peşəkarlıq baxımından yanaşanda isə jurnalistlərimiz çox ciddi şəkildə çalışırlar və onlar hər zaman öz işlərini layiqincə görsələr, bizim gələcəyimiz çox parlaq olar.
İndi hər kəs sözügedən fond barəsində danışır və istəyir ki, bu fonddan müəyyən vəsait alıb öz işini görsün. Amma bu fonddan pul götürmək məqsədi ilə bunu demirəm. Bu layihələr daha çox jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına və redaksiyaların imkanlarının gücləndirilməsinə yönəlməlidir.
İradə Tuncay, "Ədalət" qəzetinin baş redaktoru:
- Mənim üçün bu gün mətbuat ölkədə baş verən proseslərin və sahələrin gedişatı fonunda daha çox inkişaf edib. Azərbaycan mətbuatını yarandığı gündən bu günə kimi olan fəaliyyətini dövlətin bu sahəyə göstərdiyi diqqəti çox yüksək qiymətləndirirəm. Çünki bu gün bizim jurnalistlərimiz öz işlərinə çox ciddi və məsuliyyətlə yanaşır.
Mətbuata Yardım Fondunun fəaliyyətə başlaması da bunu deməyə əsas verir ki, mətbuatımızın daha da inkişafına yeni imkanlar açılıb. Fikrimcə, fondun fəaliyyəti mətbuatımıza müsbət nəticə verəcək və mətbuatımızda olan bəzi problemləri də aradan qaldıracaq. Bir sözlə, bunların hər biri Azərbaycan mətbuatının gələcəkdə daha da güclənməsinə və möhkəmlənməsinə şərait yaradacaq. Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan mətbuatının daha yaxşı inkişaf etməsi üçün hər cür şərait yaradıb.