“Heydər Əliyev yolu Azərbaycanın milli dirçəliş yoludur”
Dünən YAP Samux rayon təşkilatı icra hakimiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 40-cı ildönümü münasibətilə tədbir keçirdi. Tədbirdən əvvəl iştirakçılar Ulu Öndərimizin Heydər Parkında ucaldılmış abidəsini ziyarət etmiş, heykəlin önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbiri giriş sözü ilə açan Samux rayon icra hakimiyyətinin başçısı V.Hacıyev bütün ömrünü xalqına, dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 ilinin tamam olması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra sözü YAP Samux rayon təşkilatının sədri G.Bayramova verdi. G.Bayramov öz çıxışında qeyd etdi ki, illər keçdikcə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əzəməti, Onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Xalqımızın ümummili lideri məhz bunu nəzərdə tutaraq deyirdi ki, "nə qədər Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam".
Artıq hər bir Azərbaycan vətəndaşı bütün aydınlığı ilə dərk edir ki, müstəqil dövlətdə azad yaşadığına, sivil dünyanın demokratik dəyərləri əsasında formalaşan vətəndaş cəmiyyətində sərbəst fəaliyyət göstərdiyinə, sabaha, övladının xoş gələcəyinə inamla baxdığına görə məhz Azərbaycanın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevə borcludur.
Onun banisi olduğu bugünkü Azərbaycan isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir və çiçəklənir. Bunun nəticəsidir ki, Azərbaycan müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Biz inanırıq ki, Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanın gələcəyini daha da işıqlı edəcək, ölkəmizi inkişafa aparacaq.
Çıxış edənlər Samux rayon təhsil şöbəsinin mütəxəssisi Nizami Məmmədov, YAP Qadınlar Şurasının üzvü Rəfiqə Mahmudova, YAP Samux rayon təşkilatının ideologiya şöbəsinin müdiri Afət Qasımova Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açdılar. Natiqlər əminliklə bildirdilər ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində bu gün dünya dövlətləri birliyində Azərbaycan öz layiqli yerini tutmuşdur.