Sülh danışıqları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir
Həmişə şər, böhtan danışmaqdan yorulmayan müxalifət, bu dəfə də bir qrup Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin səfəri ilə bağlı radikal fikirlər deməkdədirlər. Lakin radikal müxalifətdən fərqli olaraq bu səfər istər ölkə ziyalıları, istərsə də ictimaiyyət tərəfindən müsbət qarşılanır.
Millət vəkili Tahir Rzayev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin qarşılıqlı səfərlərinə müsbət yanaşır. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər bir azərbaycanlı maraqlı olmalı və öz məsuliyyətini dərk etməlidir: "Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti hamımıza yaxşı məlumdur və təqdirəlayiqdir. Ölkə rəhbəri və rəhbərliyi problemin həllində sülh yolunu tutsa da, danışıqlar prosesi nəticə verməsə, hərbi əməliyyatların başlana biləcəyi də istisna edilmir. Sülh danışıqlarının həlli isə, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir və bu mövqe ən mötəbər yığıncaqlarda, görüşlərdə dəfələrlə səsləndirilib. Ancaq biz onu da bilməliyik ki, döyüşlərdə müvəqqəti məğlub olan tərəfik".
T.Rzayevin bildirdiyinə görə, azərbaycanlılar üçün müharibə hələ qurtarmayıb və Azərbaycan Ordusu, insanlar hər an vətənini müdafiə etməyə, döyüşə atılmağa hazırdır: "Bu, axırıncı yoldur və buna qədər biz torpaqlarımızı işğaldan azad etmək üçün hər bir vasitədən istifadə etməlyik. Bu gün vaxt bizim xeyrimizə işləyir. Ölkəmiz inkişaf edir, qüdrətlənir, ordumuz möhkəmlənir, Azərbaycan həqiqətləri daha yüksək səviyyələrdə qəbul edilir, müdafiə olunur. Beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir".
Bununla belə millət vəkili hesab edir ki, əlimizi əlimizin üstə qoyub oturmamalıyıq, öz müqəddəratımızı kiməsə etibar etməməliyik, hər bir azərbaycanlı ərazi bütövlüyümüzün təmin edilməsi üçün öz xidmətlərini əsirgəməməlidir: "Ziyalıların Dağlıq Qarabağa səfərləri də məhz belə xidmətlər göstərməyə yönəlib və mən elə bilirəm ki, bu, düzgün bir yoldur".