PDF Oxu

Xəbərlər

  • 58

Əli Əhmədov: Hamı dərk edir ki, bu münaqişənin həlli zamanı yetişib

Əli Əhmədov: Hamı dərk edir ki, bu münaqişənin həlli zamanı yetişib
"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşməsi müsbət haldır. Bu görüşlər ona görə keçirilir ki, nəticə qazanılsın. Bu nəticə də Azərbaycan anlamında torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtması olmalıdır". Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü şərh edərkən deyib.
Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin aydın olduğunu qeyd edən Əli Əhmədov bildirib ki, əgər danışıqlar prosesi intensivləşibsə, prezidentlər səviyyəsində tez-tez görüşlər keçirilirsə, bu, o deməkdir ki, görüşlərdən hər hansı nəticə gözlənilir. "Ümid edirik ki, qarşıdakı görüş müsbət nəticələnsin və münaqişənin nizamlanması ilə bağlı daha konkret addımlar atılsın. Nəticə etibarılə hamı dərk edir ki, bu münaqişənin həlli zamanı yetişib. Çünki Cənubi Qafqazda sabitliyin təmin olunması Ermənistan - Azərbaycan münaqişəsinin ədalətli həllindən asılıdır. Ədalətli həll isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bundan kənarda münaqişənin həlli mümkün deyil" deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov həmçinin, məsələ ilə bağlı Minsk qrupunun həmsədri olan Rusiyanın daha da fəallaşdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya bu münaqişənin həllinə təsir etmək imkanına malikdir və son zamanlar bu dövlətin təşəbbüslərinin artması optimizmə əsas verir. Azərbaycan və erməni ziyalılarının qarşılıqlı səfərlərinə münasibət bildirən YAP Sədrinin müavini qeyd edib ki, bu səfərlər münaqişənin nizama salınmasına kömək edəcəksə, bunu müdafiə etmək lazımdır.

Digər xəbərlər