“Sakitlik hüququ” mövzusunda elmi-praktiki konfrans keçirilib
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda "Sakitlik hüququ" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tanınmış alimlərin və ayrı-ayrı müvafiq qurumların nümayəndələrinin, mütəxəssislərin iştirak etdiyi konfransı giriş sözü ilə açan AMEA İnsan Hüquqları İnstitutunun direktor vəzifəsini icra edən, hüquq elmləri namizədi Aytən Mustafayeva Prezident İlham Əliyevin imzaladığı "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə" Fərmanın əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Azərbaycanda vibrasiya və səs-küy çirklənmələrinin normadan artıqlığını sübut edən faktların olduğunu dedi. O, səsin insan orqanizminə mənfi təsirinin üç cür - daimi, müvəqqəti və qarışıq olduğunu qeyd etdi.
Tədbirdə İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Tofiq Qəmbərov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşma şöbəsinin baş məsləhətçisi Bayram Əliyev, professor Rövşən Xəlilov, Bakı Dövlət Universitetinin professoru Zakir Hüseynov, digər alim və mütəxəssislər də səs-küy çirklənmələrinin əsas mənbəyindən bəhs etmiş, əhalinin yüksək səs-küydən müdafiəsinin əhəmiyyətini diqqətə çatdırmışlar.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparıldı, təkliflər irəli sürüldü.