YAP Gənclər Birliyi “Yay məktəbləri” layihəsinə start verir
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbləri" layihəsinə start verir. Dünən partiyanın qərargahında layihədə iştirak edəcək gənclərlə görüş keçirildi.
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov çıxış edərək bildirdi ki, bu il yay məktəbləri layihəsi 3 mərhələdə keçiriləcək: "Birinci tədbir 4-5 iyul tarixlərində 60 gəncin iştirakı ilə Oğuz rayonunda olacaq. Burada gənclərin Milli Məclisin deputatları və dövlət məmurları ilə qeyri-rəsmi dialoq xarakterli görüşləri olacaq. Bu il layihədə ümumilikdə 300 gəncin iştirak etməsi nəzərdə tutulur".
R.Həsənovun sözlərinə görə, 2007-ci ildən həyata keçirilən bu layihədə 400 nəfərə yaxın gənc iştirak edib. O, Azərbaycanda ilk dəfə belə layihənin YAP Gənclər Birliyi tərəfindən həyata keçirildiyini xatırladaraq bildirdi ki, məqsəd gənclərin müxtəlif orqanlarının nümayəndələri, millət vəkilləri və s. nüfuzlu şəxslərlə qeyri-rəsmi görüşlərini təşkil etməkdir. Bu görüşlər nəticəsində gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilir. Eyni zamanda, bu layihə nəticəsində YAP-ın üzvü olan bacarıqlı gənclər üzə çıxarılır və sonradan onlar fəal ictimai-siyasi proseslərə cəlb olunurlar.
YAP-ın sıralarında 180 mindən artıq gəncin birləşdiyini bildirən R.Həsənovun sözlərinə görə, partiyamız böyük gənclər ordusuna malikdir: "Hazırkı tədbirdə Bakının 11 rayonu, Sumqayıt şəhəri və Oğuz rayonundan olan gənclər iştirak edəcəklər".
Görüşdə iştirak edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı YAP sıralarında intellektual potensialı güclü olan gənclərin birləşdiyini söylədi. Onun sözlərinə görə, belə layihələr gənclərin dünyagörüşünü daha da artırır. Gənclərə öz məsləhətlərini verən M.İbrahimqızı layihənin uğurla reallaşacağına əminliyini ifadə edib.