Məlum olduğu kimi, 2009-cu ilin dekabr ayında respublikamızda bələdiyyə seçkiləri keçiriləcək. Keçiriləcək bələdiyyə seçkiləri ölkəmizdə yerli özünüidarəetmə sayca (bələdiyyə) üçüncüdür. Yerli özünüidarəetmə orqanlarına ilk seçki ulu öndər Heydər Əliyevin dönəmində, 1999-cu ildə keçirilib. Builki seçkilərlə əlaqədar olaraq, hər zaman öz şəffaf seçki təcrübəsi ilə fərqlənən Yeni Azərbaycan Partiyası hazırlıq işlərinə start verib. Artıq YAP payızda keçiriləcək seçkilərlə əlaqədar bölgələrdə Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları rəhbərlərinin, eyni zamanda, partiya fəallarının iştirakı ilə zona müşavirələri keçirir. Hakim partiyanın rayon təşkilatları da ölkəmizdə payızda keçiriləcək seçkilərə ciddi hazırlaşır.
Fuad Orucov, YAP Quba rayon təşkilatının sədri
- Bildiyiniz kimi, hakim partiya olan Yeni Azərbaycan Partiyası bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib. Keçiriləcək seçkilərlə bağlı Xaçmaz rayonunda zona müşavirəsi keçirildi. Mən əminliklə qeyd etmək istəyirəm ki, YAP Quba rayon təşkilatı da seçkilərə ciddi hazırlaşır. Ölkəmizdə keçirilən əvvəlki seçkilərdə olduğu kimi, bizim təşkilat qarşıdan gələn bələdiyyə seçkilərinə də ciddi hazırlaşır. Hazırda rayonda 101 bələdiyyə fəaliyyət göstərir, ancaq rayonumuzda bələdiyyələrin sayının 38-ə salınması ilə bağlı Milli Məclisə müraciət olunub. Onu da nəzərinizə çatdırm ki, bələdiyyə üzvülərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. İnanıram ki, növbəti bələdiyyə seçkilərində də YAP üzvləri seçicilərin səsini qazanacaqlar.
Əzizə Vahabova, YAP İsmayıllı rayon təşkilatının sədri:
-Biz YAP İsmayıllı rayon təşkilatının 22 iyun tarixli ümumi yığıncağında bələdiyyə seçkilərində partiya üzvlərinin fəallığını artırmaqla bağlı məsələləri müzakirə etmişik. Onu da qeyd edim ki, İsmayıllı rayonunda hazırda 67 bələdiyyə fəaliyyət göstərir, lakin kiçik bələdiyyələr böyük bələdiyyələrlə birləşdirildikdən sonra 36 bələdiyyə qalacaq. 2004-cü ildə keçirilən seçkilərdə bütün bələdiyyə üzrə Yeni Azərbaycan Partiyasının üzvləri iştirak edib və qalib gələn 448 bələdiyyə üzvündən 378-i YAP üzvüdür. Biz artıq indidən bələdiyyə üzvlərini müəyyənləşdirmişik. Onu da vurğulayım ki, ötən bələdiyyə seçkilərində qadın bələdiyyələrin respublika üzrə ümumi faizi 4% olub. Biz qərara gəlmişik ki, qarşıdan gələn seçkilərdə bələdiyyəyə üzv qadınların sayını artıraq və ən azı hər bələdiyyədən qadın namizdlərin sayının 3 nəfər olmasını təmin edə bilək. Yəni, bununla bağlı ayrıcı müzakirə aparmışıq.
Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri:
-Biz, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının da iştirak etdiyi zona müşavirəsində, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı öz fikirlərimizi bildirmişik. Qeyd etmək istəyirəm ki, YAP Xaçmaz rayon təşkilatı seçkilərə çox ciddi hazırlaşır. İnanıram ki, bu bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının üzvləri uğur qazanacaqlar. Çünki ulu öndərimizin siyasətini uğurla, layiqincə davam etdirən, ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyev ölkəmizdə elə bir münbit şərait yaradıb ki, bunun da nəticəsində dekabrda keçiriləcək seçki digər seçkilər kimi daha şəffaf, ədalətli və seçicilərin aktivliyi ilə keçiriləcək. Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, rayonumuzda 40 bələdiyyə fəaliyyət göstərir və onların hər biri seçkilərə qoşulacaq.