Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış iki-üç məsələ qalır”
Müxbirin son vaxtlar Qafqazda mühüm hadisələrin baş verməsi, Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və Serj Sarkisyanın Gürcüstana, Abdullah Gülün Yerevana səfərlərinə, həmçinin, prezidentlərin son Moskva görüşünə dair suallarını Rusiyanın xarici işlər naziri belə cavablandırıb: "Mən deməzdim ki, bütün bunlar oradan-buradan baş verir. Əslində, əlbəttə, bütün bü proseslərin hər bir iştirakçısının öz maraqları var. Ermənistanın mövqeyi bəllidir. Bu ölkə Dağlıq Qarabağ probleminə görə blokadadır və bu səbəbdən də, xarici əlaqələr baxımından çox əziyyət çəkir".
Onun fikrincə, coğrafi və siyasi çıxış yolları çox deyil: "Hələ Qafqaz böhranından əvvəl Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilən görüşləri çərçivəsində irəliləyişlər üçün yaxşı şans yaranıb".
Rusiya nazirinin sözlərinə görə, münaqişənin nizamlanması mexanizmlərini və prinsiplərini əhatə edən sənəd üzərində iş aparılıb. Bu istiqamətdə həll olunmamış iki-üç məsələ qalır və onları prezidentlərin növbəti görüşündə müzakirə edib, razılaşdırmaq lazımdır: "Söhbət əsasən Laçın dəhlizindən gedir. Və biz, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi, hesab edirik ki, problemin bu yöndə həlli daha realdır. Son qərar, sözsüz ki, Ermənistan və Azərbaycandan asılıdır, amma bu prosesin bütün xırdalıqları və incəliklərini yaxşı başa düşən vasitəçilər - Rusiya, Amerika və Fransa, həll yollarını artıq görür".
S.Lavrovun fikrincə, Türkiyə faktoruna gəlincə isə, bu prosesin fəallaşması, ola bilsin ki, Qafqaz böhranının nəticəsi olaraq geosiyasi vəziyyətin qəfil gərginləşməsilə əlaqədardır: "Rusiyanın hər hansı geosiyasi addım atıb hansısa dəyişiklik etmək fikri yox idi, bütün bunlar artıq baş verirdi. Bizim əsas məqsədimiz - dinc əhalini və orada olan sülhməramlıları müdafiə etmək idi. Bu məqsədə də nail olduq. Lazım olan addımlar çərçivəsində, eyni cavab verməklə. Bütün bunlar da ki, artıq bəllidir. Amma Ermənistanın bu böhran zamanı yaşadığı problemlər, əsasən də, erməni xalqı üçün həyati əhəmiyyət kəsb edən malların Gürcüstan ərazisilə daşınmasında yaranmış çətinliklər bu məsələnin tez və təcili həllinin vacibliyindən xəbər verir. Cənubi Osetiya və Abxaziyanın hər an hərbi müdaxilə təhlükəsi altında qalması və bunun da nəticəsində Ermənistan üçün həyati əhəmiyyət kəsb edən tranzit daşımalarındakı çətinliklər heç kimin marağında deyil. Yerevan üçün bu vəziyyətdən yaxa qurtarmaq əsasdır. Elə buradan da rəsmi Yerevanın Dağlıq Qarabağ problemini tezliklə həll etməkdə maraqları doğur ki, bunun da nəticəsində Türkiyə ilə diplomatik əlaqələr qurmaqla Ermənistanın bu ölkənin ərazisilə ətraf mühitə çıxmaq və xarici əlaqələri qurmaq imkanı yaranacaq. Türkiyəyə gəlincə, bu, bir daha nümayiş etdirdi ki, Ankaranın siyasətinin əsas xətti - Qafqazdakı və yaxın bölgələrdəki problemlərin həllində region ölkələrinin hər birinin hüququnun saxlanılmasına xidmət etmək və yardım göstərməkdir. Fikrimcə, türklər bu fürsətin unikallığını vaxtında başa düşdülər. O fürsətin ki, onlara bölgədəki mövcudluğunu nümayiş etdirməyə bir daha imkan yaratdı. Türklər Qafqazın birbaşa qonşularıdır və eyni zamanda, Qafqazın, demək olar ki, bütün ölkələrilə yaxşı əlaqədədir. "Qafqazdakı sabitlik və əməkdaşlıq platforması" isə, bir daha göstərdi ki, türk diplomatiyası çox təcrübəlidir. Hesab edirəm ki, Qafqazda konfliktli vəziyyətin mövcudluğu nəticəsində bir tərəfdən Ermənistanın, öz vəziyyətinin çox zəif və həssas olduğunu yaxşı başa düşməsi, digər tərəfdən isə Türkiyənin elə bu vəziyyətin onun üçün əla fürsət olduğunu anlaması, ATƏT-in Minsk Qrupunun təkliflərilə yanaşı, münaqişənin həlli üçün çox böyük zəmin yaradıb".
Qafqazda sabitliyin nə vaxt əldə ediləcəyi, xüsusilə də, Abxaziya və Cənubi Osetiya problemlərinin həlli barədə isə Sergey Lavrov bunları deyib: "Mən əmin edirəm ki, əlbəttə, müəyyən çətinliklərlə də olsa, nəticədə, bu regiondakı bütün problemlər elə Qafqaz ölkələrinin özləri, həmçinin, Avropa ölkələrinin vasitəsilə həllini tapacaq. Medvedev-Sarkozi planının artıq gerçəkləşməsi bu istiqamətdə mühüm addımdır".