Ulu öndər Azərbaycanın işıqlı gələcəyini təmin edib
Dünən YAP Qaradağ rayon təşkilatı idarə heyətinin toplantısında ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə əlaqədar "Milli dövlətçilik təfəkkürünün başlanğıcı" mövzusunda keçiriləcək geniş elmi-praktiki konfransa hazırlıq, yeni ərazi ilk partiya təşkilatlarının yaradılması, YAP sıralarına yeni üzvülərin qəbul edilməsi və digər məsələlər müzakirə edildi.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov toplantını giriş sözü ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə əlaqədar "Milli dövlətçilik təfəkkürünün başlanğıcı" mövzusunda keçiriləcək geniş elmi-praktiki konfransa hazırlıq hər birimizdə daha böyük məsuliyyət tələb edir. A.Hüseynov onu da bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında Heydər Əliyevin rolunu xatırladan rayon təşkilatının sədri A.Hüseynov qeyd etdi ki, ulu öndərimiz tariximizə qurucu insan kimi daxil olub: "Əsas məsələ odur ki, ulu öndər Heydər Əliyev xalqımızın qəlbində yaşasın. Belə olarsa, böyük öndərin ideyaları dövlətimiz və xalqımız üçün lazım olacaq. Ulu öndər Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək".
A.Hüseynov onu da bildirdi ki, ulu öndərin uğurlu siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf etməkdədir. Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir, əhalinin rifah halı daha da yüksəlir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Xalq bu siyasəti dəstəkləyir və onun davamlı olmasını tələb edir.
A.Hüseynov Qaradağ rayonunda belə bir mötəbər tədbirə ciddi hazırlıq işlərinin aparıldığını söyləyərək, qeyd etdi ki, Qaradağ rayon icra hakimiyyətinin təşəbbüsü ilə tədbir yüksək səviyyədə keçiriləcək.
Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatı aparatının rəhbəri Ruslan İsmayılov partiya üzvlüyünə qəbulla əlaqədar ilk partiya təşkilatları haqda, rayon təşkilatı idarə heyətinin üzvü Zaməddin Həmzəyev "Yeni Azərbaycan", "Səs" və "İki sahil" qəzetlərinə abunə işinin aparılması barədə məlumat verdilər.
YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Əlizamin Məmmədov YAP Mərkəzi Aparatı tərəfindən aparılmış yoxlamanın nəticələri ilə bağlı məlumat verdi. Qeyd etdi ki, 2009-cu il yanvar ayının birinə olan məlumata əsasən, 122 ilk partiya təşkilatında 8 min 555 nəfər partiya üzvü birləşmişdir ki, bunlardan 3191 nəfərini gənclər, 2750 nəfərini isə qadınlar təşkil edir.
Tədbirdə rayon təşkilatının sədr müavini Hicrat Qaradağlı, Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Zemfira Şıxəliyeva çıxış edərək rayonda aparılan uğurlu işlərdən və əldə edilən nailiyyətlərdən danışdılar. Bildirdilər ki, bugünkü firavanlıq ulu öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Xalqımız çox xaşbəxtdir ki, ulu öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərlik etdiyi ölkənin - Azərbaycanın vətəndaşlarıyıq. Z.Şıxaliyeva ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin 40 illik fəaliyyəti ilə bağlı keçiriləcək tədbirlərə qaradağlıların da yüksək əhval-ruhiyyə ilə hazırlaşdıqlarını bildirdi.
Bundan əlavə, iclasda ilk ərazi partiya təşkilatlarının yaradılması haqqında qərar, həmçinin, YAP sıralarına yeni üzvlər qəbul edildi.