Əli Əhmədov Özbəkistan Gənclərinin “Kamolot” İctimai Hərəkatının Mərkəzi Şurasının nümayəndə heyəti ilə görüşmüşdür
İyunun 30-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Bakıda səfərdə olan Özbəkistan Gənclərinin "Kamolot" İctimai Hərəkatının Mərkəzi Şurasının nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları salamlayan Əli Əhmədov Azərbaycan - Özbəkistan əlaqələrinin inkişaf etdiyini bildirmişdir. YAP Sədrinin müavini vurğulamışdır ki, hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri və ölkələr arasında imzalanmış sənədlər mövcud münasibətlərdə əsas rol oynayır.
Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında qonaqlara məlumat verən Əli Əhmədov qeyd etmişdir ki, YAP Azərbaycanda ən böyük siyasi qüvvədir. O, partiyanın güclü gənclər təşkilatının da fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırmışdır. Əli Əhmədov YAP-ın geniş beynəlxalq əlaqələrə də malik olduğunu vurğulamışdır.
Özbəkistan Gənclərinin "Kamolot" İctimai Hərəkatının Mərkəzi Şurasının sədri Akrom Alimov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, bildirmişdir ki, təşkilat beynəlxalq əlaqələr çərçivəsində digər dövlətlərdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq etməyə maraqlıdır.