AŞPA qeyri-obyektiv mövqeyini qoruyub saxlamaqdadır
Məlum olduğu kimi, bu günlərdə AŞPA-nın yay sessiyası öz işinə yekun vurub. Bu dəfə də qurumun bəzi məsələlərə münasibət bildirməsi və müvafiq qərarlar qəbul etməsi gözlənilirdi. Qurumun budəfəki sessiyasının müzakirə obyektində olan məsələlər sırasında Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr də var idi.
Bununla bağlı, bir müddət bundan əvvəl də, AŞ tərəfindən Ermənistana məruzəçilər göndərilmişdi. Belə ki, Ermənistanda baş verən hadisələr artıq son zamanlar öz cızığından çıxaraq, artıq idarəolunmaz bir vəziyyətə gəlib çıxmışdır. Buna misal olaraq, Ermənistanda keçirilən mer seçkiləri və ondan sonrakı dövrdə olan qalmaqallı hadisələr və mitinqləri göstərmək olar. Lakin bundan əvvəlki dövrlərdə müşahidə etdiyimiz kimi, AŞPA bu ölkədə baş verənlərə qarşı obyektiv münasibət bildirməyib. Hələ 2008-ci ilin 1-2 mart hadisələrində müşahidə olunan vəziyyətə qarşı da heç bir sanksiya tətbiq edilməmiş, sərt mövqe göstərilməmişdi.
Xatırladaq ki, bu hadisələrdə minlərlə insan həlak olmuş, xeyli sayda insan həbs edilmişdi. Hətta bu hadisələr zamanı həbs olunan şəxslər də siyasi məhbus adını almamışdı. Amma bunun qarşılığında Azərbaycanda belə bir anlayışın olmadığı halda, siyasi məhbuslar üzrə Azərbaycana məruzəçinin təyin edilməsi qərarı verilib. Bunun qarşılığında isə sonuncu sessiya zamanı Ermənistanın monitorinq altında qalması kimi yüngül bir qərar qəbul olunub. Bütün bunlar da məhz bu qurumun qeyri-obyektivliyindən, məsələlərə ikili standartlar baxımından yanaşmasından irəli gəlir. Bu cür yanaşmalardan sonra, əlbəttə ki, quruma qarşı etimadın azalması da müşahidə olunub. Hətta bir müddət bundan öncə, onun yerinə yetirdiyi işə yenidən baxılmasının da zəruriliyi qeyd olunmuşdu. Bu quruma qarşı nəinki Azərbaycanda, eləcə də, digər dövlətlərdə inamın azalması və onun verdiyi qərarlara itaətsizlik müşahidə olunur. Azərbaycanın istər AŞPA-da olan nümayəndə heyəti, istərsə də ölkə ictimaiyyəti tərəfindən narazılıqlar baş qaldırıb.
Əlbəttə, belə bir təşkilatın regionda baş verən hadisələrə belə yanaşması heç də düzgün sayılmır. Azərbaycanda mövcud olan demokratik, sabit ictimai-siyasi vəziyyət düzgün qiymətləndirilmədiyi halda, Ermənistanda baş verən qanun pozuntularına da biganə yanaşılır. Ermənistanda keçirilən mer seçkiləri zamanı qeydə alınan qanun pozuntuları və əhalinin mövcud hakimiyyətə qarşı etirazı, ölkədə radikal müxalifətin çox böyük bir insan kütləsi ilə paytaxt küçələrində prezidentin istefası tələbləri ilə mitinqlər təşkil etməsi dünya ictimaiyyətinin gözündən yayına bilməz. Hətta bir müddət bundan əvvəl Ermənistana göndərilən müşahidəçilərə rüşvət təklif olunması halları da müşahidə olunmuşdu. Bundan artıq onlardan nə gözləmək olar? Belə bir antidemokratik rejimin ölkəni öz istədiyi kimi idarə etməsi heç bir beynəlxalq təşkilatın və ya dünya dövlətinin gözündən yayına bilməz. Lakin buna qarşı heç bir münasibətin bildirilməməsi artıq məsələyə birtərəfli yanaşma deməkdir. Əgər belə olmasaydı, İranda baş verən hadisələrə göstərilən münasibət kimi Ermənistanda baş verənlərə qarşı da münasibət, obyektiv mövqe bildirilərdi.
O ki qaldı AŞPA-nın verdiyi qərarlara, əgər qurum öz fəaliyyətini bu şəkildə davam etdirərsə, öz üzərinə düşən öhdəçiliyi layiqincə yerinə yetirməzsə, onda, bu onun öz nüfuzuna xələl gətirəcək. Ona qarşı olan etimadsızlıq regionda öz yerini daha da möhkəmləndirəcək.