Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərə dair fikirlərini bildirdilər.
Sonra deputatlar "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihələrinin müzakirəsi davam etdi. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ilə əlaqədar ona müraciətlər olub. Müraciətlərlə bağlı qanun layihəsinə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsində baxılması tövsiyə olunmuşdur.
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov isə layihə ilə bağlı dedi ki, ötən iclasdan sonra qanun layihəsinin parlamentin gündəliyindən çıxarılması ilə bağlı yayılan fikirlərin məntiqi əsası yoxdur. Bütün parlamentlərdə qanunların qəbulunun proseduru var: subyekt layihəni təqdim edir, sonra təkliflər olur və komitə də buna münasibət bildirir. Nəticə etibarilə ancaq parlamentin iradəsi ilə qanun ya qəbul olunur, yaxud qəbul olunmur. Bu layihə də komitədə çox şəffaf müzakirə olunmuş, Milli Məclis sədrinə və komitəyə ünvanlanan müraciətlərin, deputatlar tərəfindən verilən təkliflərin əksər hissəsi nəzərə alınmışdır.
Komitə sədri layihəyə əsasən, "Kütləvi informasiya vasitələri haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Qrant haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər barədə də geniş məlumat verdi.
Müzakirələr zamanı deputat Musa Quliyev "Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan əlavələrin və dəyişikliyin günün tələblərinə cavab verdiyini, "Kütləvi informasiya vasitələri haqqında" qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin mətbuatın məsuliyyətinin artırılması baxımından zəruri olduğunu bildirdi. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna təklif olunan əlavələr və dəyişikliklərlə bağlı müxalifətin narahatlığının başa düşülmədiyini deyən M.Quliyev QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsinin vacib olduğunu vurğuladı.
ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dörsini Milli Məclisdə görməkdən məmnun qaldığını deyən deputat Zahid Oruc Azərbaycandakı diplomatik korpusun qanun layihələrinin müzakirəsində iştirakını arzuladı.
Deputat Fəzail İbrahimli çıxışında bildirdi ki, qanun layihələrinə edilən əlavələr və dəyişikliklər Azərbaycanın dövlətçilik maraqlarına xidmət edir. Deputat İlham Məmmədov da müzakirə olunan məsələlərin dövlətimizin milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədi. YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov isə dedi ki, parlamentin iyunun 19-da keçirilən iclasından sonra belə bir təəssürat yaranırdı ki, QHT-lərlə əlaqədar təklif olunan düzəlişlərlə bağlı ən böyük narahatçılığı qeyri-hökumət sektorunda çalışan Azərbaycan vətəndaşları ifadə edirlər. Amma diqqətli müşahidəçilər gördülər ki, narahatçılıq keçirən daha çox Azərbaycan vətəndaşı olmayanlardır. QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin əleyhinə çıxmaq Azərbaycanın dövlətçilik və milli maraqlarının əleyhinə çıxmaq cəhdlərindən başqa bir şey deyil.
Ə.Əhmədov "Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan əlavələri və dəyişikliyi də təqdir etdi.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna edilən dəyişiklərlə bağlı komitə sədri Ə.Hüseynovun təqdimatında qeyri-adi heç nəyin olmadığını bildirdi. Dedi ki, vaxtilə bəzi QHT-ləri Bakı-Tbilisi-Ceyhan kimi iri enerji layihələrinin də əleyhinə çıxırdı. Bütün QHT-ləri paklıq nümunəsi kimi təqdim etmək düzgün deyil. O, həmçinin, qeyd etdi ki, bu layihəni müzakirə edərkən nəzərə almalıyıq ki, bizim üçün ən ümdə məsələ milli maraqlarımızdır. QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan əlavələrdə və dəyişikliklərdə vətəndaş cəmiyyətinin inkişafına mane ola biləcək heç nə yoxdur.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirdi ki, əgər yenə də QHT-lərlə bağlı məsələ iyunun 19-da təqdim olunmuş variant şəklində müzakirə olunsaydı, onun lehinə səs verəcəkdi. Çünki bu layihə QHT-lərə qarşı deyil. Söhbət yalnız Azərbaycanın milli maraqlarından gedir. Z.Əsgərovun sözlərinə görə, müxalifətin məsələyə yanaşmasından belə çıxır ki, demokratiya olsun, amma qanun olmasın. Demokratiyanın yolu isə qanunçuluqdan keçir.
Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov onu da bildirdi ki, "Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan əlavələr və dəyişiklik dinin tiryəkə çevrilməsinin qarşısını almaq üçündür.
Müzakirələrdən sonra hər iki qanun layihəsi qəbul edildi. Deputatlardan 93-ü layihənin lehinə, 5 nəfəri isə əleyhinə səs verdilər.