Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. İclasda "Dini etiqad azadlığı haqqında", "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında", "Gəncə və Şirvan apelyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında" qanunlara münasibət bildiriləcək. "Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında", "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanun layihələri üçüncü oxunuşda qəbul ediləcək.
Sessiyada "Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair Kredit Sazişinin təsdiq edilməsi haqqında" qanunun da qəbul ediləcəyi gözlənilir.
Bundan başqa, parlament "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsinə razılıq verəcək və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" qanun qəbul edəcək. İclasda, həmçinin Azərbaycan Respublikasının İsmayıllı, Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə məsələlərə də baxılacaq. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Sahibkarlıq fəaliyyəti haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə", "Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə", "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi və "Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" qanun layihələrinin qəbul ediləcəyi planlaşdırılıb.