Bidiyiniz kimi, bu ilin dekabrında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə Yeni Azərbaycan Partiyası ciddi hazırlaşır. Bununla əlaqədar olaraq, hakim partiya zona müşavirələri keçirir. Sözsüz ki, YAP-ın ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanmasının səbəblərindən biri də hakim partiyanın müasir seçki texnologiyasından istifadə etməsi, seçkilərə ciddi hazırlaşmasıdır. Təbii ki, xalqın ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalmasının və eləcə də, ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevə olan inamın nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının namizədləri ölkəmizdə keçirilən bütün seçkilərdə-prezident, parlament, bələdiyyə seçkilərində qaləbə qazanırlar. Dekabrda keçiriləcək seçkilərə YAP rayon təşkilatlarının necə hazırlaşmalarını öyrənmək üçün təşkilat sədrləri ilə əlaqə saxladıq.
Fərrux Haqverdiyev, YAP Xızı rayon təşkilatının sədri:
- Yeni Azərbaycan Partiyası və o cümlədən, partiyanın Xızı rayon təşkilatı ölkəmizdə keçirilən bütün seçkilərə hər zaman yüksək səviyyədə hazırlaşıb. Eləcə də, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə də, həmişəki kimi, ciddi hazırlaşırıq. Bir neçə gün öncə, Xaçmaz rayonunda zona müşavirəsi keçirildi. Toplantıda rayon təşkilatlarına müxtəlif tapşırıq və tövsiyələr verildi. Onu da nəzərinizə çatdırım ki, son bələdiyyə seçkilərində 91 nəfər bələdiyyə üzvü seçildi və onların hamısı Yeni Azərbaycan partiyasının üzvləridir. Hazırda Xızı rayonunda 14 bələdiyyə fəaliyyət göstərir, lakin Milli Məclisin qərarı ilə bələdiyyələrdə birləşmələr aparılacaq və 13 bələdiyyə qalacaq. Mən əminəm ki, cari ilin dekabrında respublikamızda keçiriləcək bələdiyyə seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədləri növbəti dəfə qələbə qazanacaqlar.
Nəbi Xəlilov, YAP Binəqədi rayon təşkilatı:
- Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, rayonumuzda tədbir keçirildi. Yəni, biz artıq seçilərə hazırlaşırıq. Bununla bağlı rayonumuzda fəaliyyət göstərən bələdiyyələrə, icra nümayəndələrinə tapşırmışıq ki, dislokasiyaları hazırlasınlar, əhalinin sayı dəqiqləşsin. Yəni, müəyyənləşdirək ki, Binəqədi rayonunda nə qədər seçici var. Onu da nəzərinizə çatdırım ki, rayonumuzda 5 bələdiyyə fəaliyyət göstərir-Binəqədi, Xocasən, Rəsulzadə, Biləcəri və s. Binəqədi rayonunda bələdiyyə üzvlərinin sayı 68 nəfərdir. Onlardan 24 nəfəri YAP-ın üzvü, 31 nəfəri bitərəf, 3 nəfəri iqtidaryönlü və eləcə də, 10 nəfəri müxalifət üzvüdür. Onu da nəzərinizə çatdırım ki, ölkəmizdə keçirilən bütün seçkilərdə YAP Binəqədi rayon təşkilatı yüksək fəallıq nümayiş etdirib. Sözsüz ki, növbəti bələdiyyə seçkilərində də biz bu prinsipimizə sadiq qalacağıq. Hesab edirəm ki, dekabrda keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının üzvləri seçicilərin etimadını, dəstəyini qazanaraq, qalib gələcəklər.
Ağəli Kərimli, YAP Kürdəmir rayon təşkilatının sədri:
- Nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Bununla əlaqədar olaraq, iyulun 1-də təşkilatımızın toplantısı keçiriləcək. İndiyə qədər bizim YAP Kürdəmir rayon təşkilatının fəalları ilə görüşümüz olub və bu görüşlərimizi davam etdiririk. Məqsədimiz budur ki, onlardan ən layiqlilərinin, bacarıqlılarının namizədlikləri irəli sürülsün. Eləcə də, bizdə ən çox yer gənclərə və qadınlara veriləcək. Onu da qeyd edim ki, bələdiyyə seçkiləri ilə bağlı namizədlər üçün bütün şərait yaradılıb. Kürdəmir rayonunda 61 bələdiyyə fəaliyyət göstərir.
Milli Məclisdə bələdiyyələrin birləşdirilməsi məsələsi müzakirə edilir və belə ehtimal olunur ki, həmin bələdiyyələrdən 30-u qalacaq. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində 371 nəfər YAP üzvü bələdiyyə üzvləri seçilib. Çalışacaq ki, bu il bu rəqəmi daha da artıraq. Ümid edirəm ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev siyasətinə inanan və Yeni Azərbaycan Partiyasına dəstək olan ölkə vətəndaşları builki seçkilərdə də YAP-ın üzvlərinə dəstək olacaqlar.