AXC-91: Tarixi Qürur yaddaşımız
Dünən YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə respublika gününə həsr olunmuş "AXC-91: Tarixi Qürur yaddaşımız" adlı konfrans keçirilmişdir. Konfransda YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Nuru Məmmədov, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov tarixi qürur yaddaşımız olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanda tarixində olan misilsiz xidmətlərindən danışaraq, xalqımızın milli dövlətçilik tarixində AXC-nin 23 aylıq fəaliyyətini ayrı-ayrı məqamlarına toxundu. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları arasında özünəməxusus yeri olan YAP gənclər birliyi milli dövlətçilik tariximizdə böyük rol oynamış, AXC-nin yaranması ilə bağlı keçirdiyi tədbiri xüsusi fəallıqla qarşılayan Azərbaycan gəncləri üzərinə düşən məsuliyyətin və bu istiqamətdə Vətənimizin daha da qüdrətlənməsi üçün yaradılmış imkan və şəraitdən yararlanmağı vurğulamışdır. AXC yaranmasını tarixi nöqteyi-nəzərdən qeyd edən təşkilat sədri Ramil Həsənov müstəqil Azərbaycan Respublikasının onun varisi olduğunu bildirdi.
Tədbirə məruzəçi kimi dəvət olunan Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Nuru Məmmədov daha geniş formada AXC-nin Azərbaycan tarixindəki dövlətçilik sahəsində həyata keçirdiyi genişmiqyaslı siyasi, iqtisadi, mənəvi dəyərlərin qorunması və onun inkişaf etdirilməsi üçün apardığı gərgin milli mübarizənin müxtəlif mərhələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Milli dövlətçilik tariximizdə AXC-nin həyata keçirdiyi islahatların mahiyyətini təhlil edən məruzəçi Nuru Məmmədov Cümhuriyyətin yaranmasının tarixi-ictimai şəraitini şərh edərək bildirdi ki, AXC-nin milli dövlətçilik tariximizdə yaranması xalqımızın milli mübarizə əzminin ən parlaq nümunəsi və qəhrəmanlıq salnaməsidir. Bütövlükdə AXC-nin yaranması və fəliyyəti dövründə həyata keçirdiyi siyasətin başlıca istiqamətlərini tarixi baxımdan hazırkı müstəqil Azərbaycan Respublikasının qurulmasında əsas olduğunu və ulu öndər Heydər Əliyevin dövlət quruculuğu prosesində buna siyasi və ideoloji qiymət verdiyini qeyd etdi.
Tədbirdə iştirak edən millət vəkili YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, 28 May Respublika Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən danışaraq, dövlət gənclər siyasətinin milli amallara söykəndiyini bildirdi. Millət vəkili, milli dövlətçilik tariximizin parlaq səhifəsi olan bu hadisənin tarixi əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının milli maraqlarını daim qorumaq əzmini və bu yolda mübarizə ruhunu qoruduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. "23 aylıq fəaliyyəti dövründə elm-təhsil, səhiyyə, hüquq-mühafizə, iqtisadiyyat, xarici siyasət və başqa sahələrdə çox böyük uğurlar qazanan AXC-nin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır" deyən Aydın Mirzazədə ümummili liderimiz Heydər Əliyev tərəfindən AXC dövrünə lazimi hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. Azərbaycan gənclərin milli dövlətçilik tariximizda xüsusi yeri olan tarixi qürur yaddaşımız AXC-nin əhəmiyyətini unutmamaqla bərabər, müasir Azərbaycanın qüdrətlənməsində iştirakının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər millət vəkilləri Əkrəm Abdullayev, Fuad Muradov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev AXC-nin keçdiyi tarixi yola nəzər salaraq, Şərqdə ilk demokratik respublikanın qurulmasından əhəmiyyətindən danışdırlar. Gənclərdə milli vətənpərlik vərdişlərinin inkişaf etdirilməsində AXC-nin tarixi missiyasına dövlətimiz tərəfindən qiymət verilməsinin təqdirəlayiq olması qeyd edildi. AXC-nin tarixi əhəmiyyəti, dövlətimizin bu tarixi günə xüsusi rəğbət göstərdiyini, ölkəmizdə gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar. Daha sonra məruzə ətrafında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Babək Budaqlı, Gənclər Birliyi Nərimanov rayon təşkilatının sədri Yusif Babanlının çıxışı maraq doğurdu. Onların tarixi Azərbaycan dövləti olan AXC-nin yaranmasını milli dövlətçilik mədəniyyətində xüsusi rolunu tarixi qaynaqlara istinad edərək, konfrans iştirakçılarının diqqətinə çatdırdı.