“Mediada işlənən alınma sözlər” izahlı lüğəti işıq üzü görüb
Elm" nəşriyyatı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin "Mediada işlənən alınma sözlər" izahlı lüğəti işıq üzü görüb. Lüğət leksik vahidlərin izahı və materialların təqdimatı baxımından ənənəvi lüğətçilik prinsiplərinə əsaslanır. Kitab hazırda Azərbaycanın yazılı, elektron mediasında işlədilən çoxsaylı söz və terminlər əsasında tərtib olunmuşdur. Məqsəd qəzetlərdəki xəbər və digər publisistik yazılarda, ekran-efirdəki reportaj, müsahibə və çıxışlarda işlədilən əcnəbi leksikanın - söz, termin və ifadələrin qısa izahını vermək, alınmaların mənasını aydınlaşdırmaqdır.
Məlumdur ki, cəmiyyətin müxtəlif sahələrində gedən proseslər və dünya ilə çoxşaxəli əlaqələr Azərbaycan dilinə çoxlu alınma sözlər gətirir. Digər tərəfdən, yeni formasiyaya keçidin xarakterinin özü də proseslərin ifadəsi üçün yeni anlayışlar tələb edir. Yeni şəraitdə baş verən bu proseslər vaxtilə dilimizin lüğət fonduna daxil olaraq, leksik qatda öz yerini tutmuş bəzi sözləri də "hərəkətə" gətirir. Lüğətdə məhz bu proseslərdə meydana çıxan söz və terminlərin izahı vacib sayılmışdır.
Kitabda izahı verilən leksik vahidlərin seçilməsi zamanı iki prinsip əsas götürülmüşdür: son illərdə, əsasən, Avropa dillərindən Azərbaycan dilinə keçərək mediada fəal işlənən yeni alınma sözlər, o cümlədən, alyans, alternativ, andrologiya, barter, bilgisayar, blok, bukmeyker, dijey, eksklüziv, ipoteka, haker, konsensus, media, tender, vauçer və s. vaxtilə dilimizin leksik fonduna daxil olmuş, müəyyən dövrdə passiv qalmış, lakin indiki - yeni ictimai-siyasi və texnoloji şəraitdə işləkliyini artırmış sözlər olan aborigen, amnistiya, doktrina, dopler, emissar, genosid, mafiya, monopoliya, muxtariyyət, sindikat, sosial, tabu, zombi və s-dir.
Xatırladaq ki, ölkəmizin nəşriyyat təcrübəsində Avropa dillərindən alınmalara, ərəb və fars sözlərinə həsr edilmiş izahlı lüğətlər vardır. Amma bu lüğətlər, bir qayda olaraq, ənənəvi sözlük materialları və bədii ədəbiyyatda işlənən leksik vahidlərə əsaslanmışdır. Qulu Məhərrəmlinin 2 min 200-dən çox leksik vahidin izahı verilmiş lüğətində isə mətbuatda - daha çox publisistik materiallarda işləkliyi nisbətən yüksək olan sözlər seçilmişdir.
AMEA Rəyasət Heyətinin Terminologiya Komissiyasının qərarı ilə çap edilən kitabın redaktoru akademik Ağamusa Axundovdur.
Nəşrə akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Kamal Abdulla və digər mütəxəssislər rəy veriblər.