PDF Oxu

Xəbərlər

  • 69

Azərbaycan böyük inkişaf yolundadır

Azərbaycan böyük inkişaf yolundadır
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika (MR) təşkilatının 4-cü konfransı keçirilib. Naxçıvan MR Ali Məclisinin və YAP Naxçıvan MR təşkilatının sədri Vasif Talıbov konfransı açıq elan etmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Konfransın gündəliyinə YAP Naxçıvan MR təşkilatı sədrinin məruzəsi, konfranslararası dövrdəki fəaliyyət haqqında hesabat, mandat komissiyasının hesabatı, YAP Naxçıvan MR təşkilatı sədrinin və Siyasi Şurasının seçilməsi məsələləri daxil edilmişdi. Naxçıvan MR Ali Məclisinin və YAP MR təşkilatının sədri Vasif Talıbov konfransda məruzə ilə çıxış etmişdir. YAP Naxçıvan MR təşkilatının icra katibi Anar İbrahimov konfranslararası dövrdə partiyanın MR təşkilatının fəaliyyəti barədə hesabat vermişdir. YAP Naxçıvan MR təşkilatı Siyasi Şurasının üzvü, MR Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov, partiyanın Şərur rayon təşkilatının sədri Əmir Babayev, Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının üzvü Aidə Cəlilzadə məruzə ətrafında çıxış etmişlər. Qeyd olunmuşdur ki, son illər Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan MR-ın iqtisadi, siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların əhatə dairəsi xeyli genişlənmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında və məsələ ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Naxçıvan MR-in də inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Bu gün blokada şəraitində olmasına baxmayaraq muxtar respublika sürətlə inkişaf edir. Son illər burada tikilən binalar, çəkilən yollar, yeni istifadəyə verilmiş məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri diyarın simasını tamamilə dəyişmişdir. İqtisadiyyatda müşahidə olunan sürətli artım tempi sosial sahənin inkişafına da öz təsirini göstərmiş, yeni iş yerlərinin açılması ilə əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Muxtar respublika Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində özünün fəal iştirakı ilə müstəqil dövlətimizin daha da möhkəmlənməsinə, dünya birliyində öz layiqli yerini tutmasına mühüm töhfələr verir. Çıxışlarda ulu öndərin müəyyənləşdirdiyi siyasətin muxtar respublikada böyük sədaqətlə davam etdirilməsi vurğulanmış, qazanılmış uğurlarda YAP Naxçıvan MR təşkilatının mühüm rol oynadığı qeyd olunmuş, Vasif Talıbovun yenidən partiyanın Naxçıvan MR təşkilatının sədri seçilməsi təklifi irəli sürülmüşdür. Konfransda mandat komissiyasının hesabatı dinlənilmiş və təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun YAP Naxçıvan MR təşkilatının sədri seçilməsi barədə təklif səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.
Vasif Talıbov etimad göstərib onu yenidən YAP Naxçıvan MR təşkilatının sədri seçdiklərinə görə konfrans nümayəndələrinə minnətdarlıq etmiş, fəaliyyəti dövründə bölgədə partiyanın nüfuzunun artırılmasında və ulu öndər Heydər Əliyevin yolunun davam etdirilməsində var qüvvəsi ilə çalışacağını bildirmişdir. Sonra YAP Naxçıvan MR təşkilatının 37 nəfərdən ibarət Siyasi Şurası seçilmiş və Şuranın ilk iclası keçirilmişdir. İclasda təşkilatın 11 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir. Mirhəşim Mirəhməd oğlu Seyidov sədrin müavini, Anar Adil oğlu İbrahimov isə icra katibi seçilmişlər. Sonra Naxçıvan Musiqi Kolleci simfonik orkestirinin konserti olmuşdur.

Digər xəbərlər