“Alman-Azərbaycan mədəniyyət körpüləri” silsiləsindən növbəti tədbir keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə bəstəkar, uzun illər Almaniyada yaşayıb-yaradan Arif Mirzəyevin anadan olmasının 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AAKM-ın təşəbbüsü ilə keçirilən "Alman-Azərbaycan mədəniyyət körpüləri" silsiləsindən olan bu tədbir iki xalq arasında mədəni-ictimai münasibətlərin inkişafına bir töhfə kimi nəzərdə tutulub. AAKM-ın icraçı direktoru Samira Patser-İsmayılova mədəni əlaqələrin əhəmiyyətindən, Arif Mirzəyevin yaradıcılığının əsas xüsusiyyətlərindən danışıb. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən göndərilən təbrik məktubunu bəstəkara təqdim edib. Səfirliyin birinci katibi Almaz Məmmədov səfirin təbrik məktubunu Arif Mirzəyevə təqdim edərək, bu əlamətdar gün münasibətilə onu səfirlik adından təbrik edib.
Tədbirdə, həmçinin, Arif Mirzəyevin yaradıcılığını uzun illər izləmiş Yurgen Şmit öz təəssüratlarını bölüşüb və bəstəkar haqqında çəkdiyi filmi nümayiş etdirib. Nümayişin sonunda bəstəkarın "Nyu-York passionu" əsərinin videoyazısı səsləndirilib. Bakı-Berlin qalereyasının rəhbəri, rəssam İbrahim Əhrari, Podstam Universitetinin professoru Furman, Berlin Unversitetinin professoru Flader, Berlin İncəsənət Akademiyasının professoru Ləman Dadaşlı və başqaları da bəstəkarı təbrik edib, onun haqqında xoş sözlər söyləyiblər. Arif Mirzəyev isə öz yaradıcılıq planlarından danışıb, tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib. Onlara fortepianoda öz gözəl ifasını hədiyyə edib. Tədbirdə "Köhnə Bakı" adlı fotosərgi də nümayiş etdirilib.