Əli Əhmədov Çin Xalq Respublikasının səfiri ilə görüşmüşdür
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Yannyan ilə partiyanın mənzil- qərargahında görüşmüşdür.
Azərbaycanda diplomatik fəaliyyətə yeni başlamış səfir ölkəmizlə ilk tanışlığın onda xoş təəssürat yaratdığını qeyd etmiş, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin daha da dərinləşməsi və inkişafında ölkə Prezidenti İlham Əliyevin ÇXR-ə səfərinin mühüm rol oynadığını xüsusi vurğulamışdır. Dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran cənab səfir Çjan Yannyan ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini qeyd etmişdir.
Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yüksək səviyyədə əlaqələrin bu münasibətlərə təsirsiz ötüşmədiyini xüsusi vurğulamışdır. Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini qeyd etmişdir.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edirdi.