PDF Oxu

Xəbərlər

  • 62

Barak Obamanın açıqlaması həqiqəti özündə əks etdirmir

Barak Obamanın açıqlaması həqiqəti özündə əks etdirmir

Məlum olduğu kimi, 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar çıxış edən ABŞ prezidenti Barak Obama bəzi ölkələrdə, o cümlədən, Azərbaycanda mətbuat azadlığının olmadığını söyləyib. O, hesabat çıxışında Azərbaycanda mətbuat, söz azadlığının boğulması və digər məsələlər barədə çıxış edib. B.Obamanın bu fikirlərinə münasibət öyrənmək üçün mətbuat nümayəndələri ilə əlaqə saxladıq.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Düşünürəm ki, Barak Obamanın Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı səhv mövqe səsləndirməsi onun yanlış mənbələrdən informasiya almasının nəticəsidir. Ağ Ev rəhbərinin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı, Türkiyəyə səfəri və Azərbaycan iqtidarının kəskin mövqeyi, son nəticədə onun yanlış siyasətdən doğan təzyiq vasitəsi kimi mətbuat və söz azadlığının Azərbaycanda olmaması iddiasını etməsinə gətirib çıxardı. Bildiyimiz kimi, Azərbaycan Prezidenti ilə ABŞ prezidentinin telefon vasitəsilə danışıqları olmuşdur. Barak Obama hesab edirdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Azərbaycan iqtidarı loyal münasibət göstərməlidir, yəni bu mövqe müsbət olmasa da, tamaşaçı mövqeyini əks etdirməlidir. Prezidentlər, eyni zamanda, sərhədlərin açılacağı təqdirdə, regionda baş verə biləcək təhlükələri də telefon danışığı zamanı müzakirə etmişdilər. Barak Obamanın mövqeyi də ondan doğub. Mənə elə gəlir ki, bu, çox yanlış fikirlərdir. Azərbaycanda müxtəlif jurnalist, media institutları və qeyri-hökumət təşkilatları, jurnalist birlikləri fəaliyyət göstərir. Çox təəssüf ki, bizim Azərbaycan jurnalist təşkilatlarının böyük bir qisminin beynəlxalq əlaqələri zəifdir və beynalxalq əlaqələrin zəifliyi belə fikirlərin ortaya çıxmasına səbəb olur. ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörsinin bir yazısı var. Azərbaycan mətbuatı ilə bağlı o yazıda Azərbaycanın müstəqilliyi haqqında xeyli məlumatlar var. Mənim fikrimcə, Barak Obamanın bu açıqlaması həqiqəti özündə əks etdirmir.

Tahir Rüstəmov, "Xalq" qəzetinin baş redaktorunun müavini:

-Görünür, Barak Obama bizim bədxahlarımızın yazdıqları informasiyalara istinadən bu barədə danışıb. Amma həqiqətən də, Azərbaycanda mətbuat azadlığı mövcuddur. İstənilən partiyanın, siyasi dairənin, qrupun ayrı-ayrı adamların da söz deməyə imkanı var və bundan mümkün qədər istifadə edərək, dövlət dəfələrlə mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atıb. Problem varsa onun həllinə çalışılıb.
Dünyanın hər yerində qaynar nöqtələrdən jurnalist fəaliyyəti ilə bağlı söz-söhbətlər olur. Azərbaycan demokratiya yolu ilə inkişaf edən ölkədir. Kimsə mətbuat azadlığından həddindən artıq çox bəhərlənmək istəyir, kimsə mətbuat azadlığından lazımı qədər bəhrələnə bilmir. Bu da onlarda müəyyən problemlər yaradır. Azərbaycanda bəlalı məsələlərdən biri odur ki, jurnalistlərə verilən bu mətbuat azadlığından qanuni əsaslarla bəhrələnə bilmirlər. Mətbuat azadlığı böyük bir şeir, mətbuat azadlığı, cəmiyyət barədə söz deməkdir. Bu darvazaların gen açıldığı dövrdə mətbuata daxil olmayan çox insanlar gəlib qəzet, jurnal buraxırlar və onlar mətbuat azadlığı prinsiplərinə əməl etmirlər. Mətbuat azadlığı prinsipi budur ki, cəmiyyətə azad informasiya manesiz yayılmalıdır. Mən belə düşünmürəm ki, Ağ Ev rəhbərinə, sadəcə olaraq, ölkəmiz haqqında yanlış məlumatlar verirlər. Təbii ki, mətbuat azadlığı prinsipləri Ermənistanda daha çox pozulduğu bizə məlumdur.

Digər xəbərlər