“Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri”
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı YAP Gənclər Birliyinin və Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri" mövzusunda elmi konfrans keçirilib.
Konfransda "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri" mövzusunda məqalə müsabiqəsi də keçirilib. ADİU və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə təşkil etdiyi konfransda birliyin sədri Ramil Həsənov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Arif Rəhimzadə, Gülər Əhmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri və digər hökumət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Ramil Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə hər zaman diqqət və qayğı göstərib. Onun sözlərinə görə, YAP GB ulu öndərin davamçıları olaraq hər zaman gəncliyə diqqətlə yanaşır.
R.Həsənov qeyd edib ki, iqtisadi, siyasi, sosial, təhsil və digər istiqamətlərdə hər hansı bir ideyaları olarsa, onları birlik qəbul etməyə hər zaman hazırdır.
Konfransda çıxış edən YAP İcra katibinin müavini Mübariz Qurbanlı, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində belə bir konfransın və müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, ulu öndər hakimiyyətə gəldikdən sonra, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafına da çox önəm verib və daim bu sahənin inkişafına çalışıb.
"Qısa zamanda Azərbaycan mövcud ərazidə iqtisadi cəhətdən lider dövlət kimi çıxış edir. Son zamanlar dünya iqtisadi böhranı vəziyyətində bir sıra ölkələr öz iqtisadiyyatlarını qoruya bildi. Bunların sırasına təbii ki, Azərbaycan da daxildir. Bu proseslər ölkəmizdə iqtisadi addımların doğru olduğunu, ölkəmizin üzləşilən problemləri həll etməyə qadir olduğunu göstərib" deyə M.Qurbanlı əlavə edib.
Bu günün əhəmiyyətindən danışan millət vəkili Arif Rəhimzadə bildirib ki, mayın 6-da Heydər Əliyevin hakimiyyətə gəlişindən 40 il keçir. Sovet dövründə Azərbaycanın vəziyyətinin zəiflədiyini deyən A.Rəhimzadə, qeyd edib ki, Heydər Əliyev qısa zamanda - 80-ci illərin ortasına kimi Azərbaycan İttifaqın ən mühüm ölkəsinə çevrilib.
YAP GB-nin sədri R.Həsənov qeyd edib ki, elmi konfransdan sonra bütün elmi məqalələrin hamısı kitab şəklində çap olunaraq, müsabiqədə iştirak edən gənclərə və milli kitabxanaya, dövlət strukturlarına çatdırılacaq.