“Ümummilli liderimiz Heydər Əliyev və Müasir Azərbaycan”
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86- cı ildönümü münasibətilə respublikamızın bütün regionlarında geniş tədbirlər keçirilir. YAP Zərdab rayon təşkilatının "Ümummilli liderimiz Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda keçirdiyi tədbir də bu silsilədəndir.Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış heykəli önünə əklil və tər çiçəklər qoyaraq, Onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Zərdab rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Tofiq Abdullayev açaraq, "Ümummilli liderimiz Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda çıxış etdi.
T.Abdullayev dahi öndərimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışdı. Yeni Azərbaycan Partiyasının memarı olan Heydər Əliyevin yaratdığı partiyanın ətrafında yüz minlərlə insanların birləşdiyini qeyd edən rayon təşkilatının sədri, onu da bildirdi ki, bu gün xalq fəxr edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi lider rəhbərlik edir: "Xalq şəxsiyyətlər ətrafında birləşir və ona inanır. Ölkəmiz ağır şəraitdə olarkən Azərbaycanın böyük şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən ancaq və ancaq Heydər Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledici rol oynayan ulu öndər Heydər Əliyev, bütün ömrünü doğma vətənin xoşbəxtliyinə həsr etməklə, Azərbaycana sonsuz məhəbbət bəsləyirdi. İllər, qərinələr keçsə də, ümummilli liderimiz Heydər Əliyevə xalqımızın sevgisi sonsuz olacaq. Nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları, siyasəti yaşayacaqdır. Çünki Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır. Bu dahi insanın həyatının, siyasi fəaliyyətinin, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinin daha dərindən öyrənilməsinə ciddi ehtiyac vardır və zaman keçdikcə bu barədə cild-cild kitablar yazılacaqdır."
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın son dərəcə ağır, mürəkkəb və ziddiyyətli dövrünü xarakterizə edən YAP Zərdab rayon təşkilatının sədri belə bir vaxtda, böyük dövlət və siyasi xadim Heydər Əliyevin vətənə dönərək öz xilaskarlıq missiyasını üzərinə götürməsini, tariximizin ən parlaq səhifəsi kimi səciyyələndirdi: "1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev gücü, qətiyyəti, qüdrəti, iradəsi, zəkası və yenilməzliyi, ən başlıcası isə zəngin dövlətçilik bacarığı çox keçmədən Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırdı, dünyaya tanıtdı və bütün sahələri də inkişaf yoluna çıxardı."
T.Abdullayev qeyd etdi ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Siyasi sabitlik hökm sürməklə iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edir, dövlətin nüfuzu möhkəmlənir: "Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin müəllifidir. Bu strategiyanın ən vacib istiqamətlərindən biri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir. Artıq inşasına başlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası uğurla həyata keçirilir."
Natiq daha sonra Heydər Əliyev siyasi kursunun bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykəndiyini qeyd etdi.
YAP Zərdab rayon təşkilatının sədri onu da vurğuladı ki, 2003-cü il prezident seçkilərindən sonra cənab İlham Əliyev qısa müddət ərzində imzaladığı ilk fərman və sərəncamlarla sübut etdi ki, geniş icra mexanizmləri, dəqiq ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Hazırda ölkəmizdə bütün sahələrdə makroiqtisadi göstəricilərin ən yüksək səviyyədə olması onu göstərir ki, Azərbaycandakı iqtisadi inkişafın analoqu yoxdur.
T.Abdullayev Azərbaycanın yüksəlişi üçün çalışan, Prezident İlham Əliyevin siyasi kursuna dəstək verən, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu gün bütün qadınlarımıza örnək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bütün bunlar Heydər Əliyev ideyalarının, Heydər Əliyev uzaqgörənliyinin təntənəsidir.
Tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev qeyd etdi ki, bu gün rayonun bütün kəndlərində, idarə və müəssisələrində, ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illiyi qeyd olunur. Rayon rəhbəri ulu öndərimizin, nəinki Azərbaycanı hətta bütün dünyanı idarə etmək gücündə olduğunu bildirdi: "Ulu öndərin siyasi kursunun ləyaqətli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında müdrik xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da geniş miqyaslı quruculuq-abadlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən 14 obyektin açılışı olacaq".
Tədbirdə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, rayon 1 saylı orta məktəbin müəllimi Sara Soltanova, YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri Minəgül Əliyeva, rayon ağsaqqallar şurasının üzvü Hüseyn Həsənov, rayon icra hakimiyyətində məsləhətçi psixoloq Röya İsmayılova, YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ramin Əliyev çıxış edərək ulu öndər Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz və uzaqgörən siyasətindən danışdılar. Çıxış edənlər ulu öndərin özündən sonra Azərbaycana, eləcə də, artıq böyük qüvvəyə çevrilən və öz ətrafında 480 min həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etməsindən iftixar duyduqlarını dedilər.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə üzvülük partiya vəsiqələri təqdim olundu.