NATO: 60 illik tarix və dəyişən hədəflər
Avropa üçün ən yaxşı gələcək, hər yerdə demokratiyanın genişləndirilməsində, bazar iqtisadiyyatının inkişafında, ümumi təhlükəsizlik naminə bütün xalqların əməkdaşlığındadır Bill Klinton (ABŞ-ın 42-ci Prezidenti)
Bu ilin aprelində Şimali Atlantika Hərbi Təşkilatının (NATO) yaranmasından 60 il ötür. Qərbə yönələn Sovet təhlükəsinə qarşı formalaşan təşkilat, XX əsrin 90-cı illərində Varşava Paktının (1955 - 1990) tam çöküşündən sonra öz fəaliyyətində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. "Sülhün qorunması, müharibənin qarşısının alınması, təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi kimi birinci dərəcəli vəzifələr istiqamətində siyasət həyata keçirən NATO, digər təşkilatlarla əməkdaşlıq edərək münaqişələrin qarşısının alınmasına yardım edəcək, böhranın ortaya çıxdığı halda isə - beynəlxalq hüquq çərçivəsində onun effektiv nizama salınmasında iştirak edəcək..." Bu sözlər Şimali Atlantika İttifaqının 1999-cu il, 23-24 aprel Vaşinqton sessiyasında təqdir edilən Strateji Konsepsiyasının "XXI əsrdə Təhlükəsizliyə yanaşma" adlı III hissəsində ifadə edilmişdir. Müttəfiq dövlətlər bu bəyanatla, əslində, İttifaqın beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında böyük məsuliyyətini və Avratlantik regionda təhlükəsizlik və stabilliyin təmin edilməsində mühüm rol oynadığını bir daha təsdiq etmiş olur. Bu gün təhlükəsizlik anlayışı bəşəriyyətin ən aktual və vacib məsələlərdən olub, ayrı-ayrı dövlətlərin arasında münasibətlərin qurulması və əməkdaşlıq edilməsində prioritet mövzu kimi qalmaqdadır. Hətta Amerika politoloqu A.Uolfersə görə, milli mənafe formulunun praktik sinonimi milli təhlükəsizlik formuludur.
XX əsr dünya düzənində yeni iqtisadi, siyasi, ideoloji, mədəni vəziyyətin yaranması baxımından köklü dəyişikliklərlə zəngin olmuşdur. Bu, bir tərəfdən bir-biri ilə mübarizə aparan iki ideoloji, iqtisadi, siyasi mərkəzlərdən birinin sıradan çıxması və bununla da birqütblü düzənin bərqərar olması, digər tərəfdən ideoloji mübarizənin tədricən öz yerini dövlətlərarası münasibətlərdə iqtisadi rəqabət xarakterli əlaqələrə verməsi ilə nəticələnmişdir. Maraqlıdır ki, "köhnə" düzənin aparıcı subyektlərindən biri olan Şimali Atlantika Təşkilatı - NATO yeni dövrün və şəraitin tələblərinə cavab verməklə, unikal şəkildə müasir mərhələdə beynəlxalq siyasətin başlıca subyekti kimi fəaliyyətini davam etdirməkdədir. Beynəlxalq təşkilat olaraq, NATO müasir dünyada siyasi vəziyyətə getdikcə daha ciddi təsir göstərir. Təşkilatın keçmiş SSRİ məkanındakı hadisələrə müdaxilə etməsi, əsasən onunla bağlıdır ki, postsovet məkanında yaranmış yeni dövlətlərdə baş verən milli, etnik, ərazi münaqişələri bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün təhlükə yaradır. Hərbi-siyasi təşkilat kimi isə NATO bütün dünyada münaqişələrin ləğv edilməsində öz rolunu artırmağa, bu ölkələrdə siyasi və iqtisadi böhranın aradan qaldırılmasına, demokratik islahatlar keçirilməsinə zəruri kömək göstərməyə çalışır. Hazırda alyans üçün əsas təhlükəni NATO üzvlərindən birinə hücum təhlükəsi deyil, qeyri- sabitliyin (iqtisadi, sosial və siyasi çətinliklər, etnik münaqişələr,ərazi mübahisələri, kütləvi qırğın silahı və ballistik raketlərin yayılması, həyati əhəmiyyətli ehtiyatların çatışmazlığı, terror və s.) meydana çıxması təşkil edir.
Siyasi-hərbi ittifaq kimi NATO-nun fəaliyyətinin davam etdirməsinə əsasən iki istiqamətli yanaşma mövcuddur:
- Bu təşkilat mövcudluğunu davam etdirməklə hazırkı dövrdə də dünyadakı iqtisadi, siyasi, hərbi durumunda vacib rol oynayamağa can atan Rusiyaya qarşı (bu da artıq NATO-nun əvvəlki rəqibi - güclü SSRİ və "Varşava Müqaviləsi"nin mövcud olmaması ilə bağlıdır və belə şəraitdə NATO-nun əks müqavimət xarakterli deyil, sadəcə, "Rusiyaya qarşı çevrildiyi" fikrini işlətmək olar) çevrilib və müvafiq olaraq onun öz əhatə etdiyi coğrafiyanı genişləndirmək siyasəti bu məqsədə xidmət edir (neqativ yanaşma);
- Təşkilat dəyişən dünyada yeni və heç kimə qarşı yönəlməmiş hədəfləri qarşısına qoymuşdur və onun üzv sıralarının genişləndirilməsi də bu mütərəqqi niyyətlərə daha effektiv nail olunmasına hesablanmışdır.
NATO-nun genişlənməsi prosesində onun sıralarında son ən geniş artım 2004-cü ildə Rusiyanın keçmiş "silahdaşları", postsovet ölkələri - Latviya, Litva. Estoniya, Rumıniya, Sloveniya, Slovakiya və Bolqarıstan kimi dövlətlərin də təşkilatın hərbi, siyasi "çətiri" altına keçməsi ilə baş vermişdir (2009-cu ildə keçirilən Buxarest sammitində Xorvatiya və Albaniya quruma qəbul edilmiş, Fransa isə NATO-nun hərbi təşkilatındakı fəaliyyətini yenidən bərpa etmişdir). Azərbaycanın da 1994-cü ildən bəri üzvü olduğu "Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində Ukrayna, Gürcüstan, Moldova da quruma tam hüquqlu qəbul üçün bir növ hazırlıq mərhələsi keçirlər. Belə vəziyyətdə Rusiyanın regionda və hətta dünyada "geosiyasi ədalətsizliyə" qarşı müqavimət göstərən, öz ideyaları ilə baş-başa qalan yeganə dövlət hiss etməsi təəccüblü görünmür. Qeyd edək ki, hələ 1997-ci ilin aprelindən Çin və Rusiya dünyada "hegemonizm" cəhdlərini pisləmiş və NATO-nun genişlənməsini "qəbuledilməz" fakt adlandırmışdılar. NATO-nun genişlənməsi məsələsi Avropa dövlətləri arasında da birmənalı qarşılanmır, belə ki, burada da ilkin olaraq əsas vəzifənin "NATO-nun Şərq sərhədləri Avropa Birliyinin Şərq sərhədləri ilə üst-üstə düşməlidirmi" sualına cavab tapılmasının olduğunu təsdiq edirlər. Görkəmli politoloq Z.Bjezinski Rusiya-NATO münasibətlərini maraqlı şəkildə ifadə edir: "..Rusiya özünü ABŞ və onun əsas təkanverici üzv olduğu NATO ilə üz-üzə dayanacaq qüvvə olduğunu düşünməklə özünü vacib hesab edir və bununla da sanki təskinlik tapır.." Qeyd edək ki, NATO-Rusiya arasında praktiki əməkdaşlıq 2002-ci ilin mayında NATO-Rusiya Şurasının yaradılması ilə başlanmışdır.
Ümumiyyətlə, bu münasibətlərdə hər iki tərəfin bu əməkdaşlığa dair müxtəlif mövqeləri vardır. Belə ki, bir tərəfdən Avratlantik Əməkdaşlığın rəsmilərinin bəyanatlarında bu strukturun Rusiya ilə hərtərəfli əməkdaşlığın səmimiliyinə, həmçinin, bu əlaqələrin perspektivlərinə dərin inamı ifadə olunur. Digər tərəfdən isə təşkilatda Rusiyanın bu təşkilat və orada birləşən əsas güc mərkəzləri ilə barışmaz ziddiyyətlərinin olduğunu da yaxşı bilirlər. Maraqlıdır ki, NATO-Rusiya mövqeləri və əməkdaşlığı dünyadakı geosiyasi maraqların bölüşdürülməsi məsələsində tam olaraq vəhdət təşkil etməsə də, xüsusi iddiaların mövcud olmadığı digər sahələrdə - fövqəladə vəziyyətin idarə olunması, mülki müdafiə, terrorizm, xüsusilə, təhlükəsizlik və s. sferalardakı əməkdaşlıq kifayət qədər uğurlu və ümidvericidir. Bu baxımdan, tərəflərin rəsmiləri öz bəyanatlarında "hər iki tərəfin eyni dəyərləri bölüşdüyünə" inanır.
Rusiyanın xüsusi olaraq NATO-ya akreditəolunmuş ilk səfiri general Konstantin Totskiy təşkilatın genişlənməsinə dair Rusiyanın mövqeyini xarakterizə edərkən, bu dövlətin Avroatlantik regionu üçün daha unikal təhlükəsizlik mexanizmləri kimi - Birləşmiş Millətlər və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarını dəstəklədiyini bildirmişdir. Səfir Rusiyanın NATO üzvü olması perspektivini isə belə şərh etmişdir: "Prezident Putin ölkənin bu təşkilata daxil olması barəsində heç bir cəhd və marağının olmamasını dəfələrlə qeyd edib. Bunun heç bir fərqi yoxdur, əsas məsələ tərəflər arasında əməkdaşlığın hansı məqsəd daşıması və digərlərinə bu əməkdaşlığın hansı faydanı gətirməsidir."
Beləliklə, əsası hələ 1997-ci ildə NATO-Rusiya Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik üzrə Fəaliyyət sənədinin imzalanması ilə qoyulmuş NATO-Rusiya əməkdaşlığına bir sıra konkret misallar göstərmək mümkündür, lakin hər iki tərəfdə tarixi hegemonluq iddiaları mövcud olduqca, ümumi məqsədlər istiqamətində tam səmərəli tərəfdaşlıqdan danışmaq hələ çox tezdir. Digər tərəfdən belə bir sual hələ də siyasi analitiklər tərəfindən mübahisə doğurmaqda davam edir: "Hansı dünya daha təhlükəlidir - Soyuq müharibə dövründə cəbhələrin dəqiq bilindiyi qarşıdurma vəziyyəti, yoxsa başqa formada davam edən "rəqabətli əməkdaşlıq" vəziyyəti? Bu sual, hələ ki, öz cavabını gözləyir...