Bolqarıstanın ölkəmizdəki səfiri BSU-nun qonağı oldu
Həmişə fərqi layihələri ilə seçilən Bakı Slavyan Universitetinin özünəməxsus formatda təşkil etdiyi "Səfir saatı" klubunun dünən növbəti qonağı - Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vasil Kalinov oldu.
Tədbirdə bolqar dilini öyrənən tələbələr və universitetin müəllim kollektivi iştirak etmişdir. BSU - nun rektoru, AMEA - nın müxbir üzvü professor Kamal Abdullayev auditoriyanı salamlayaraq qonağı təqdim etdi: "Bizim Bolqariya ilə maraqlı və çoxşaxəli əlaqələrimiz var" - deyən rektor BSU ilə Bolqarıstan universitetləri arasındakı əməkdaşlıqdan söz açdı. Çıxışında rektor universitetin fəxri doktorları arasında Bolqarıstan prezidentləri cənab J.Jelev (1990 - 1997) və cənab Q.Pırtvalovun olduğunu auditoriyanın diqqətinə çatdırdı. Universitetlərarası əlaqələrin yaradılmasında səfirliyin rolunu qeyd edən K. Abdullayev perspektiv əməkdaşlıq planlarına ümidlə yanaşdı.
BSU - nun qonağı olduğu üçün məmnunluğunu bildirən cənab səfir bu diqqətə görə təşəkkür etdi. Özü haqqda qısa məlumat verdikdən sonra Azərbaycana səfir təyin olunmasından və diplomatik fəaliyyətindən danışan səfər Bolqarıstanda Demokratiya İnstitunun təşkilindən, inkişaf etmiş Avropa ölkələri ilə münasibətlərdən söz açdı. 2000- ci ildən bəri Bolqarıstanda sosial - ictimai həyatın hər bir sahəsində, o cümlədən, təhsil sahəsində əldə olunan uğurlardan və yüksəlişdən danışdi. V.Kalinov bolqar dilini öyrənən tələbələrə bir müjdə də verdi. O, bildirdi ki, dili yaxşı mənimsəyən tələbələr üçün səfirlik xüsusi təqaüd ayıracaq və onlar Bolqarıstanın öncül ali məktəblərində təhsillərini davam etdirmək şansı qazanacaqlar. Gələcəkdə ölkələrarası münasibətlərdə görüşlər zamanı pilləli tərcümənin (bolqar-rus-azərbaycan) bu tələbələr sayəsində aradan qalxacağına ümid edən cənab səfir onların suallarını da cavablandırdı.
Sonda cənab səfir fəxri qonaqlar kitabına ürək sözlərini yazdı və xatirə çəkdirdi.